Məhkəmə qərarları › İş №e-2-2(123)-15/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-15/2021

25.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-15/2021 25.01.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon Kooperativ Cəmiyyətindən mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyindən, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Qanun normasının mənasından göründüyü kimi hüquqi şəxs dövlət qeydiyyatına alınarkən təsis sənədlərində göstərilən və ya faktiki fəaliyyət göstərdiyi ünvan onun hüquqi ünvanı hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Buna baxmayaraq, iddiaçı qanunun tələblərinə riayət etməmiş, iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Ordubad Rayon Kooperativ Cəmiyyətinin poçt ünvanı göstərilməmişdir. Eyni zamanda ərizəyə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinin tərəfindən alınmasını təsdiq edən sübutu iddia ərizəsinə əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2 və 149.2.5-ci maddələrinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh hüquqi şəxsin poçt ünvanı qeyd olunmadığından, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənəd (poçt göndərişinin verilməsinə dair xəbərnamə) ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "Asan ödəniş” sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar