Məhkəmə qərarları › İş №e-2-2(123)-20/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-20/2021

29.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-20/2021 29.01.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "Cavabdeh2" MMC-yə qarşı xalis mənfəətin müəyyən edilib ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müəssisələrin fəaliyyət göstərdikləri zamandan indiyədək ona çatası xalis mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyindən, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Yuxarıda qeyd edilən qanun normalarının imperativ mənasına əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən sənədlərin surətini deyil, məlum poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin (və ya “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa uyğun tərtib edilmiş elektron sənədlərin) ərizəyə əlavə edilməsini nəzərdə tutur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, İddiaçı tərəfindən poçt göndərişləri üçün mədaxil qəbzinin ərizəyə əlavə edilməsinə baxmayaraq ərizənin surətinin cavabdehlər tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənəd (poçt göndərişinin verilməsinə dair xəbərnamə) ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin onun iştirakçıları arasında bölüşdürülməsinə, İddiaçı tərəfindən mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə cəmiyyətə müraciət etməsinə və mənfəətin cəmiyyətin iştirakçıları arasında bölüşdürülməsi məsələsinə cəmiyyətin ümumi yığıncağında baxılıbbaxılmamasına dair sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarı) Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli pretenziya məktubunda istinad olunan “Məhdud Məsuliyyətli Cəmiyyət Haqqında” (“Məhdud məsuliyyətli müəssisələr haqqında Qanun xx.xx.1998) xx xxxxxx 1998-ci il tarixli Qanun xx xxxx 2005-ci il tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Məhdud məsuliyyətli müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 20-1-ci bəndinə uyğun olaraq qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən edilmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdehlər tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən sənəd (poçt göndərişinin verilməsinə dair xəbərnamə) ərizəyə əlavə olunmalıdır. Həmçinin, xalis mənfəətin bölüşdürülməsi üçün ümumi yığıncağın çağırılması barədə əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən “Asan ödəniş” sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, **********57 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı xalis mənfəətin müəyyən edilib ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "Asan ödəniş” sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, **********57 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar