Məhkəmə qərarları › İş №e-2-2(123)-25/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-25/2021

01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-25/2021 01.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2021-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon Kooperativ Cəmiyyətindən mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş tələblərə riayət etmədiyindən aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qanun normalarının məzmunundan göründüyü kimi hüquqi şəxsə qarşı qaldırılmış iddiaya dair ərizədə fiziki şəxsin (təsisçinin və s.) yaşayış ünvanı yox, hüquqi şəxsin hüquqi ünvanı göstərilməlidir. Hüquqi şəxs statusu olan qurumun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə dair məlumat isə həmin hüquqi şəxsin hüquqi ünvanı hesab olunur. İddiaçı qanun tələblərinə riayət etməyərək iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Ordubad Rayon Kooperativ Cəmiyyətinin poçt ünvanını göstərməmişdir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, İddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutu (poçt göndərişinin verilməsinə dair xəbərnamə) ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanun normalarının imperativ mənasına əsasən kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər poçt göndərişlərini digər tərəfin almasını təsdiq edən sənədlərin (və ya “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa uyğun tərtib edilmiş elektron sənədlərin) ərizəyə əlavə edilməsini nəzərdə tutur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl olunmadan məhkəməyə təqdim etdiyindən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdeh hüquqi şəxsin poçt ünvanının qeyd olunmaması, habelə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətinin cavabdeh hüquqi şəxs tərəfindən rəsmi qaydada almasını (poçt göndərişinin verilməsinə dair xəbərnamə) təsdiq edən sənədlərin ərizəyə əlavə edilməməsi səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 152.4-cü maddəsinə əsasən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edilə bilər. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1 və 4.1ci maddələr) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən elektron ödəniş sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ordubad Rayon Kooperativ Cəmiyyətinə qarşı 30 faiz güzəştli pay üzrə mağazanın verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə xx.xx.2021-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar