Məhkəmə qərarları › İş №e-2-2(123)-344/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-344/2025

12.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-344/2025 12.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdeh “E-Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC-nin vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh “E-Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y yə n e t d i: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi 01 avqust 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Komitənin tabeli Culfa Rayon İdarəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırkı adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qanunvericiliyə uyğun olaraq görülmüş iş və xidmətlər nəticəsində cavabdehin iddiaçıya yaranmış 24.488,0 (iyirmi dörd min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və ödənilmiş 164,00 (bir yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya, Komitənin tabeli Culfa Rayon İdarəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin (birinci müavinin) 22 iyun 2023-cü il tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra Komitə) rayon (şəhər) idarələri, o cümlədən Komitənin tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləmiş Culfa Rayon İdarəsi Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edildiyini və bu məqsədlə özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin idarə olunması və əmlakının qorunub saxlanılması üçün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi tapşırıldığını və bu əsasda idarənin təsərrüfat fəaliyyəti 2023-cü ilin əvvəlindən dayandırıldığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilən mülki hüquq normalarına uyğun olaraq Komitənin tabeli Culfa Rayon İdarəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırkı adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci ildə qarşılıqlı razılaşma əsasında görülən iş və xidmətlər nəticəsində cavabdehin iddiaçıya 24.488,0 (iyirmi dörd min dörd yüz səksən səkkiz) manat məbləğində yaranmış borcunun bugünə kimi ödənilmədiyini, iddiaçı, Komitənin tabeli Culfa Rayon İdarəsi tərəfindən dəfələrlə edilən şifahi və yazılı müraciətlərinə baxmayaraq məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsinın mümkün olmadığını, iddiaçı, Komitənin tabeli Culfa Rayon İdarəsi tərəfindən cavabdehə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırkı adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcun qaytarılması barədə şifahi müraciətlərə və 09 yanvar 2025-ci il tarixli, 02 nömrəli təklif (pretenziya) məktubuna bugünə qədər cavab verilməməsi nəticəsində qanunvericiliyə uyğun olaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə hüquqi əsas yarandığını bildirmiş, Azərbaycan Respublikası MM-in 5.1, 5.3, 6.1.1, 6.1.7, 6.1.8, 6.1.9,14, 443.6, 1096.1, 1096.2-ci maddələrinə istinad edilmişdir. 12 sentyabr 2025-ci il tarixdə cavabdehin vəkil və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə daxil olan etirazda iddiaçı tərəfindən Komitənin tabeli Culfa Rayon İdarəsi ilə cavabdeh, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırkı adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qanunvericiliyə uyğun olaraq görülmüş iş və xidmətlər nəticəsində cavabdehin iddiaçıya yaranmış 24.488,0 (iyirmi dörd min dörd yüz səksən səkkiz) manat məbləğində borcun və ödənilmiş 164, 0 (bir yüz altmış dörd) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya, Komitənin tabeli Culfa Rayon İdarəsinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini, həmin iddia ərizəsi əssasız olduğu üçün təmin edilməməli olduğunu, iş materiallarına nəzər salınsa, iddiaçı ilə "xxxx" ASC (hal hazırda E-Kredit BOKT MMC) arasında heç bir müqavilə, razılaşma olmadığını, cavabdeh olaraq üzərlərinə öhdəlik götürülmədiyini, iş materiallarında olan Forma-2 sənədlərində Bank olaraq heç bir yerdə imzası olmadığını və sifarişçi qismində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öhdəlik götürdüyünü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu, həmin məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, Mülki Prosessual Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı olduğunu, MPM-nin 154.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etdiyini, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyini bildirmişdi. 12 sentyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə əvvəllər Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi bankla podratçı idarə kimi müqavilə bağlamadıqlarını, onlara Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin sənədləri verdiyini və onlarda işlədiklərini, yəni müqavilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bağlanıldığını, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi podratçı idarə olduğunu, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin göstəriş verdiyini və podratçı təşkilat olaraq kimsəylə müqavilə bağlamağa ehtiyac bilmədiklərini, onlara layihə verildiyini, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin gəldiyini, bankın tikilməsi yerini müəyyən etdiyini, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə təhvil verdiyini və onlarda işlədiyini, noyabr və dekabr aylarında çatışmayan avadanlıqlar olduğunu, əlavə işlər ortaya çıxdığını, noyabr və dekabr ayları Forma 2 almadıqlarını, ancaq işlədikləri dövrnoyabr ayına kimi aldıqlarını, həmin vaxt nəzərəti keçmiş Naxçıvan Bankın müdiri həyata keçirdiyini, onların sifarişi ilə “Cahan”-dan ora material gətirib qoyduğunu (nömrə çəkmək üçün avadanlıq və əlavə cihazlar), binanın xaricində pul çəkmək üçün bankomat aparatı qoyulduğunu, həmin yeri də dekabr ayına kimi işləyib bitirdiklərini və həmin iki ayın ödənişlərini almadıqlarını, işləri Culfa rayon ərazisində olduğunu, tikilən binanın Naxçıvan Bankın filialı olduğunu, X2 MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin arasında bağlanmış müqaviləni görmədiyini, gördükləri işlərin Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi tərəfindən ödənilməsi ilə əlaqədar sənədlər olduğunu, gördükləri işlərin Forma 2 sənədlərini Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinə verdiklərini və işlərə uyğun olaraq əmək haqqı və material aldıqlarını, sifarişçi Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi və podratçı Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa rayon İdarəsi olduğunu, müvafiq göstərişlərə uyğun olaraq tikinti apararaq Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinə təhvil verildiyini, proseslər zamanı təhvil-təslimin aktının olmadığını, tikilmə ilə bağlı sadəcə göstəriş olduğunu, qaimə ilə bağlı əllərində sənəd olmadığını, noyabr-dekabr aylarına qədər görülmüş işlərlə əlaqədar ödənişlərin Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi tərəfindən olunduğunu, bank tərəfindən bu günədək Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa rayon İdarəsinə pul ödənilib-ödənilməməsi ilə əlaqədar bankla aralarında müqavilə olmadığını bildirmişdi. 12 sentyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququnun olduğunu, Naxçıvan bankın bağlandığını, “E-Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC-də demək olar ki fəaliyətini dayandırdığını, ona isə sadəcə vəkil müraciəti etdiyi zaman sms gəldiyini, o özü işə qatıldığı gündən 20 gün hesabladığını, cavabdeh tərəfinə iddia ərizəsi çatmadığını, eyni zamanda etiraza münasibətdə etirazlarını müdafiə etdiklərini, iddiaçının da qeyd etdiyi kimi Naxçıvan Bank, “E- Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC, Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında heç bir müqavilə olmadığını, heç bir öhdəlik götürülmədiyini, təhvil-təslim aktı iş materiallarında olmadığını, 03 yanvar 2025-ci il tarixdə Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə ünvanladıqları müraciətdə “Sizin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubunuza əsasən bildirmək istəyirik ki, məktubunuzda iddia olunan məbləğin borc öhdəliyi tərəfimizdən araşdırılması üçün Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsi ilə Naxçıvan Bank ASC arasında bağlanılmış müvafiq təsdiq edici sənədlərin təhvil-təslim aktı və sair surətinin bizə təqdim olunmasını xahiş edirik” bildirildiyini, bu günə kimi heç bir məlumat verilmədiyini, hətta məktubun geri qaytarıldığını, qarşı tərəfin özünün də etiraf etdiyini ki, Naxçıvan Bank ASC ilə Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında heç bir müqavilə olmadığını, ümumiyyətlə Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi arasında da heç bir müqavilə olmadığını, Forma 2 sənədlərinə nəzər yetirən zaman sifarişi verən Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi, podratçı isə Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi olduğunu, cavabdeh olaraq Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin göstərilməli olduğunu, birbaşa aralarında müqavilə olmalı olduğunu ya da hər hansı bir öhdəlik götürməli olduğunu, elektron qaimə vurulmalı olduğunu və elektron qaiməyə 5 gün ərzində cavab verilməzsə bu zaman öhdəliklərin yerinə yetirilməməsi nəticəsinə gələ biləcəklərini, iddia ərizəsi əsassız olduğuna görə Mülki qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün iddia təmin olunmamasını xahiş etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Cavabdeh təşkilatın vəkili işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. 12 noyabr 2025-ci il tarixdə məhkəmə baxışı iclasında cavabdehin vəkil və nümayəndəsi Vəkil izahatında iddia tələbinə qarşı etirazlarında fikirlərini bildirdiklərini, əlavə olaraq hazırlıq mərhələsində də iddia tələbinin əsassızlığı barədə fikirlərini bildirdiklərini, Naxçıvan Bank, “E-Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC, Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında heç bir müqavilə olmadığını, heç bir öhdəlik götürülmədiyini bildirərək verdikləri etirazı izahat olaraq qəbul olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, mülahizələri və dəlilləri dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 10 nömrəli Forma №2 sənədindən görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi podratçı təşkilat Culfa TQİ tərəfindən dövr noyabr 6043,84 manat məbləğində Culfa Şəhərində abadlıq işləri görülərək, 8% plan yığımı olmaqla 483,51 manat, müvəqqəti qurğular və nəzərə alınmayan sair xərclər üçün 1.5% olmaqla 97,91 manat, cəmi 6625,26 manat, 18% ƏDV hesablanan 1192,55 manat olmaqla ümumilikdə 7817,80 manat məbləğində xidmətlər göstərilmişdir. xx.xx.2023-cü il tarixli 33 nömrəli Forma №2 sənədindən görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi podratçı təşkilat Culfa TQİ tərəfindən dövr dekabr 12.887,05 manat məbləğində işlər görülərək, 8% plan yığımı olmaqla 1030,96 manat, müvəqqəti qurğular və nəzərə alınmayan sair xərclər üçün 1,5% olmaqla 208,77 manat, cəmi 14126,78 manat, ƏDV hesablanan 2542,82 manat olmaqla, ümumilikdə 16.669,60 manat məbləğində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə qeyd olunan maddələrin tələblərindən çıxış edərək belə qənaətə gəlir ki, tərəflər arasında qarşılıqlı öhdəliyin mövcudlluğu ilə bağlı qarşılıqlı razılaşmanı təsdiq edən müqavilə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş iş və xidmətlərin göstərilməsinə dair Forma №2 sənədi olsa da, həmin sənəddə müvafiq iş və xidmətlərin kimə göstərilməsi öz əksini tapmamış və bununla bağlı qaimə və ya bunu təsdiq edə biləcək başqa bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin təhvil-təslim aktının mövcud olub-olmamasını sübut edən sənəd də məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə öz izahında proseslər gedən zaman təhvil-təslim aktı olmadığını, tikilmə ilə bağlı sadəcə göstəriş verildiyini, qaimələrin olmadığını, Naxçıvan Bankla aralarında müqavilənin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki, iddiaçının nümayəndəsinin təhvil-təslim aktı olmamasını “tikilmə ilə bağlı sadəcə göstəriş verilməsi ilə” əlaqələndirməsi öz təsdiqini yazılı sübutlarda tapmadığından məhkəmə tərəfindən bu hal əsaslı hesab edilməməkdədir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat cavabdeh təşkilata qarşı iddia ilə müraciət edərkən onlar arasında razılaşamanın olduğunu təsdiqləyən müqaviləni və təhvil-təslim aktlarını sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 163,50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid hesab olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edəcək mötəbər sübutları təqdim etmədiyindən tələbi əsaslı hesab edilə bilmədiyindən təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 163,50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh “E-Kredit Bank Olmayan Kredit Təşkilatı“ MMC-nə qarşı pul tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 163,50 (bir yüz altmış üç manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid hesab edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar