Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-45/2021 01.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh Ordubad rayon Kooperativ Cəmiyyətinə qarşı mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 30 iyun 2021-ci il tarixində elektron qaydada daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ordubad rayon Kooperativ Cəmiyyətindən mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən edildi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. - 26.1- ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. - 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisədə iddiaçı iddiasının kommersiya mübahisəsi olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla işin kommersiya mübahisəsi olduğu müəyyən edilməlidir. Yəni, iddiaçı işdə iştirak edən şəxslərin subyektiv tərkibi kimi özünün və cavabdehin kommersiya mübahisələrinin mümkün subyekti (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) olduğunu təsdiq edən sənədləri, həmçinin mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri kimi iddiaçı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə (kommersiya mübahisəsi) olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar olaraq məhkəmə bildirir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının: - 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. - 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmçinin, məhkəmə məlumat üçün bildirir ki, İddiaçı mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsini tələb etsə də, özünün atasının hüquqi varisi olduğunu təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddiasının kommersiya mübahisəsi olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, cavabdeh kimi Ordubad rayon Kooperativ Cəmiyyətini göstərdiyindən hazırki mübahisə üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-45/2021 saylı işi aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ordubad rayon Kooperativ Cəmiyyətinə qarşı mərhum atası X1 30 faiz güzəştli payı üzrə mağazanın ayrılıb ona verilməsi tələbi barədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-45/2021 saylı işi aidiyyəti üzrə Ordubad Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-45/2021
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-45/2021
01.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver