Məhkəmə qərarları › İş №e-2-2(3-8)-55/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-55/2026

13.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-55/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı tərəfindən cavabdehlər SƏFƏRLİ-1 Müəssisəsinə və cavabdeh2 qarşı verilmiş “payın naturada ayrılması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı tərəfindən cavabdehlər SƏFƏRLİ-1 Müəssisəsinə və cavabdeh2 qarşı verilmiş “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SƏFƏRLİ-1 Müəssisəsindən iddiaçı İddiaçı payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-2-2(4-13)- ***/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılması qərara alınmışdır (hakim Fərman Həmidli). İddiaçının nümayəndəsi Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026- cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını iddia ərizəsinin “Tərəflər” bölməsində olduğu yerlər (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatların göstərilməməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, cavabdehlərin ünvan məlumatları iddia ərizəsinə əlavə edilmiş sənədlərin əksəriyyətində mövcuddur. Həmçinin cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar və telefon nömrəsi də iddia ərizəsində əksini tapmışdır. Belə olduğu təqdirdə, məhkəmənin müvafiq əsaslandırması əsassız olmaqla yanaşı, həm də iddia ərizəsi və ona əlavə edilmiş sənədləri təhlil edib nəzərdən keçirməməsi deməkdir. Bununla yanaşı, məhkəmə qərardadında əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətinin və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlərin cavabdeh cavabdeh2 çatdırılması ilə bağlı poçt qəbzi iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, həmin sənədlərin sözügedən cavabdehə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilməmişdir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 ## #### 2019-cu il tarixindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə malikdir. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə malik olsa da, hazırkı elektron məhkəmə sistemində cavabdehə iddia ərizəsinin surətini göndərmək texniki cəhətdən mümkün deyildir. Bunu təsdiq edən sənəd şikayətə əlavə edilmişdir. Texniki problemlər səbəbilə cavabdehə iddia ərizəsinin surətinin elektron qaydada göndərilə bilməməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə maneə olmamalıdır. Həmçinin iddia ərizəsinin surəti elektron qaydada göndərilə bilməsə belə, iddiaçı tərəfindən fiziki olaraq poçt vasitəsilə cavabdehə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən cavabdehlər SƏFƏRLİ-1 Müəssisəsinə və cavabdeh2 qarşı verilmiş “payın naturada ayrılması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Qeyd olunduğu kimi, Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində imperativ qaydada müəyyən edilməsinə baxmayaraq iddia ərizəsi və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd ## #### 2019-cu il tarixindən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik olan cavabdeh cavabdeh2 həmin kabinet vasitəsilə göndərilməmişdir. Bununla əlaqədar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən geri qaytarılması üçün əsaslar yaranmışdır. Şikayətdə qeyd edilir ki, “hazırkı elektron məhkəmə sistemində cavabdehə iddia ərizəsinin surətini göndərmək texniki cəhətdən mümkün deyildir. Bunu təsdiq edən sənəd şikayətə əlavə edilmişdir. Texniki problemlər səbəbilə cavabdehə iddia ərizəsinin surətinin elektron qaydada göndərilə bilməməsi iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə maneə olmamalıdır”. Bu dəlil şikayətin əsaslı hesab edilməsinə səbəb olmur. Çünki iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən və birinci instansiya məhkəməsi sözügedən nöqsanları aşkar edərək ## #### 2026-cı il tarixli qərardadı qəbul edərkən “Elektron məhkəmə” informasiya sistemində texniki problemlər mövcud olmamışdır. Yəni iddiaçı əvvəldən qeyd edilən nöqsana yol vermişdir, birinci instansiya məhkəməsi də həmin vaxtdakı, yəni real vaxtdakı vəziyyətə uyğun hüquqi dəyərləndirmə apararaq mövqeyini qərardadda ifadə etmişdir. Qeyd olunan sənədlərin cavabdeh cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsinin və (və ya) çatdırılmasının zəruriliyi daha əvvəl də - birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** nömrəli qərardadında da qeyd edilməsinə, eyni zamanda həmin qərardadda cavabdehin ## #### 2019-cu il tarixindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə malik olmasının iddiaçının nəzərinə çatdırılmasına baxmayaraq, həmin qərardadda qeyd edilən nöqsanlar aradan qaldırılmadan yenidən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab etmişdir ki, texniki problemlər səbəbilə cavabdehə iddia ərizəsinin surətinin elektron qaydada göndərilə bilməməsi barədə dəlil, digər zəruri halların yoxlanılması şərtilə yalnız yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi təqdirdə nəzərə alına bilən hal kimi çıxış edə bilər. Bundan başqa, iddiaçı iddia ərizəsinin “Tərəflər” bölməsində, o cümlədən həmin ərizənin məzmununda cavabdehlərin ünvanları barədə məlumatları göstərməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin (daha konkret 149.2.2-ci maddəsinin) tələblərini pozmuş, nəticədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən geri qaytarılması üçün əsas yaranmışdır. Qanunvericiliyin iddiaçı tərəfindən cavabdehlərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə məlumatların iddia ərizəsinə daxil edilməsini imperativ qaydada müəyyən etməkdə məqsədlərindən biri budur ki, mübahisə məhkəmə müstəvisinə çıxanadək cavabdehlərlə müvafiq münasibətlərə iddiaçı daxil olduğundan cavabdehlərin olduğu (fiziki şəxslərə münasibətdə yaşadığı) ünvan(lar) barədə daha səhih məlumatlara, məhz onun malik olması ağlabatandır. Bu isə iddiaçının iradəsi ilə məhkəmə icraatına cəlb edilmiş şəxs(lər)ə məhkəmə sənədlərinin çatdırılmasına, o cümlədən vaxtında çatdırılmasına xidmət edən zəruri amildir. Nəzərə alınmalıdır ki, bu hal tərəflərin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik olub-olmamasından asılı olmayaraq müəyyən edilmiş qaydadır və Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində bu barədə hər hansı istisna müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi şikayətin məzmununda cavabdehlərin ünvan məlumatlarının iddia ərizəsinə əlavə edilmiş sənədlərin əksəriyyətində mövcud olduğunu qeyd etmişdir. Göstərilən dəlil əsaslı hesab edilmir, çünki Mülki Prosessual Məcəllənin 149-cu maddəsi bilavasitə ərizənin məzmununa dair tələbləri müəyyən edir. Məcəllənin 149.2-ci maddəsinin məzmununda qanunvericiliyin mövqeyi imperativ qaydada ifadə edilir: “Ərizədə aşağıdakılar göstərilməlidir”. Göstərilməsi tələb edilən məlumatlardan biri də tərəflərin ünvan barədə məlumatlarıdır. Əgər iddiaçıda cavabdehə (cavabdehlərə) aid ünvan məlumatları olmasaydı, bu anlaşıla bilən hal hesab edilərdi. Lakin ünvan məlumatları “iddia ərizəsinə əlavə edilmiş sənədlərin əksəriyyətində” vardırsa, iddiaçı mülki-prosessual qanunvericiliyin mövqeyindən çıxış edərək, həmin məlumatları iddia ərizəsinə də əlavə etməli idi. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin tərtibi və məhkəməyə təqdim olunması ilə əlaqədar mülki-prosessual qanunvericilikdə müəyyən edilmiş tələblərin müvafiq qaydada yerinə yetirilməməsi gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını da şübhə altına ala biləcəyindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Mülki Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilməsi, həmçinin iddiaçının maraq və mənafeyinə uyğun tələblərdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması zamanı Mülki Prosessual Məcəllənin 149 və 150-ci maddələrinin tələbləri düzgün tətbiq edilmiş, iddia ərizəsində cavabdehlərin ünvan məlumatlarının göstərilməməsi, habelə sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qanunvericiliyin tələb etdiyi qaydada təqdim edilməməsi prosessual pozuntu kimi qiymətləndirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətdə istinad etdiyi texniki maneələr həmin dövrdə mövcud olmuş prosessual vəzifələrin yerinə yetirilməməsini aradan qaldırmır. Çünki iş materiallarından görünür ki, iddiaçıya əvvəlki məhkəmə qərardadı ilə mövcud nöqsanlar izah edilmiş və onların aradan qaldırılması zərurəti diqqətinə çatdırılmışdır. Buna baxmayaraq, həmin nöqsanlar aradan qaldırılmadan yenidən eyni məzmunlu iddia ərizəsi təqdim edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, mülki-prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair müəyyən edilmiş tələblər formal xarakter daşımır, həmin tələblərə riayət olunması məhkəmə icraatının iştirakçılarının hüquqlarının təmin edilməsinə, məhkəmə sənədlərinin vaxtında və düzgün qaydada təqdim olunmasına, eləcə də gələcəkdə qəbul ediləcək məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının təmin edilməsinə xidmət edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar