Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(84)-203/2019 25.10.2019 ŞƏKİ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “4658,40 manat borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətində olmaqla, mülkiyyət hüquqları 29.03.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və texniki pasport hazırlanmışdır. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasını (market) 15.03.2019-cu il tarixdə X3 və X1 icarəyə vermişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (market) 23.01.2014-cü il tarixdə qaz sayğaçı quraşdırılmış, iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyəti göstərilən Sənəm Marketə təbii qazın verilməsi ilə bağlı 17.02.2016-cı il tarixdə ***-**-** nömrəli alqı-satqısı müqaviləsi bağlanmışdır. 23.11.2018-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının mülkiyyətində olmaqla icarəyə verdiyi qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQna riayət olunmasının yoxlanılması üçün yoxlama aparılmış, yoxlama zamanı sayğacın çıxış plasmas borusunun kənar müdaxilə nəticəsində bir neçə yerdən deşildiyi, minimal və nominal sərfiyyatda 100 % nisbi xətayla işlədiyi müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qazın dəyəri 4658,40 manat məbləğində müəyyən edilərək abonentin şəxsi hesabına 2018-ci ilə borc kimi göstərilmişdir. 30.01.2019-cu il tarixli məktubla cavabdeh iddiaçıdan itirilmiş təbii qazın dəyəri kimi hesabladığı borcdan 4483 manat hissəsini tələb etmiş və əks təqdirdə təbii qazın verilməsinin dayandırılaçağı barədə ona xəbərdarlıq etmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş, sayğacın plasmas borusunun deşilməsi onların günahı ucbatından baş verməmişdir. Cavabdeh tərəfindən sayğac küçədə quraşdırılmış və kənar müdaxilədən mühafizə olunmaq üçün qarşısıalınmaz tədbir görülməmişdir. Bundan başqa cavabdeh yazılmış cərimə ilə bağlı heç bir açıqlama verməmiş və cərimənin silinməsi ilə bağlı müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: RX seriyalı ******* nömrəli çıxarış, texniki pasport, icarə müqavilələri, Qazın alqı-satqı müqaviləsi, Akt, Abonentin saldosu, Cavabdehin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən, sahibkar-əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir.2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin əməkdaşları tərəfindən 23.11.2018-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış binasına (market) xidmət edən iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş və bu baxış nəzarətçi tərəfindən bildiriş vermək üçün sayğaça keçirilən baxış olmamışdır. Belə ki, Cavabdeh İBnin nümayəndələri tərəfindən bildiriş verilməsi ilə bağlı deyil, məhz iddiaçıya məxsus qeyriyaşayış binasına xidmət edən qaz sayğacının təbii qazdan istifadə qaydalarına uyğun olub-olmadığını aydınlaşdırmaq üçün götürülməsi məqsədi ilə baxış keçirmişdir ki, bu da yoxlama xarakteri daşımışdır. Buna görə də, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Konstitusiyanın 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözü gedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdehin əməkdaşları tərəfindən 23.11.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvana xidmət edən qaz sayğacında yoxlamalar apararkən həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçı barədə aparılmış yoxlamanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X2” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, 23.11.2018-cı il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına baxış keçirilmiş və bu zaman sayğacın çıxış plasmas borusunun kənar müdaxilə nəticəsində bir neçə yerdən deşildiyi, minimal və nominal sərfiyyatda 100 % nisbi xətayla işlədiyi müəyyən edilmişdir. Halbuki, sayğacda qeyd olunan müdaxilənin abonent tərəfindən törədilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, aktda qeyd olunan sayğacda baş vermiş müdaxilələrin istehlakçının təqsirinin olmasından söhbət gedə bilməz. Bunlardan başqa “X2” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan fiziki şəxs iddiaçıya məxsus qeyri-yaşayış binasında quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bu hal isə onu deməyə əsas verir ki, qaz sayğacında olan nasazlıqlara görə cavabdehliyi məhz cavabdehin özü daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca yoxlama keçirilməsi qanunsuz olduğundan, habelə qaz sayğacının plasmas borusunun deşilməsi və bunun istehlakçının təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4658,40 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş 30 manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh üzərinə İddiaçı hesablanmış 4658,40 manat məbləğində borcun silinməsi vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(84)-203/2019
Şəki İnzibati-İqtisadi Məhkəməsi Qətnamə — İş №e-2-2(84)-203/2019
25.10.2019 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver