Məhkəmə qərarları › İş №e-2(3-6)-1387/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1387/2026

12.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1387/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSI Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı iddia ərizəsini bir neçə dəfə dəqiqləşdirərək son olaraq iddiaçı İddiaçı məxsus çəkisi 7.65 qram olan 583 əyyarlı sarı qızıldan 1 ədəd üzüyün, çəkisi 9.51 qram olan 585 əyyar sarı qızıldan zəncirin (sep), çəkisi 17.74 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd “Sünbül” qolbağın, çəkisi 3.6 qram olan 583 əyyar sarı qızıldan zəncirin (sep); çəkisi 6.3 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd klon; 5.2 qram çəkisində 916 əyyar sarı qızıldan 5 ədəd qızıl dişlərin ##.##.2025-ci il tarixli ekspert rəyinə görə müəyyən edilmiş 5536 manat dəyərindən cavabdeh tərəfindən ödənilmiş 1800 manat nəzərə alınmaqla yerdə qalan 3736 manat məbləğində pulun, mülkiyyətə dəymiş zərərin əvəzi olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 2387,70 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 97 manat pulun, ümumilikdə 6220.70 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdə həmin vaxtı Xətai RPI-nin 35-ci Polis bölməsində sahə inspektoru işləyən Cavabdeh (bundan sonra– Cavabdeh) 1000 manat pul və təxminən çəkisi 50 qrama yaxın müxtəlif qızıl-zinət əşyalarını borc olaraq vermişdi. Həmin pul və qızılları cavabdeh bir ay müddətinə qaytaracağına dair vəd versə də o, sözünü tutmamış, uzun müddət onu müxtəlif bəhanələrlə aldadaraq, hər dəfəsində qızılları və 1000 manat pulu qaytaracağına dair vədlər vermişdir. Bütün bu yalanlarda cana gələrək artıq mən məcbur olub məsələnin araşdırılması məqsədilə ##.##.2023-cü il tarixdə ərizə ilə Xətai RPI-yə müraciət etmişdir. Şikayəti Xətai RPI-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1313 sıra sayı ilə qeydiyyata alınaraq Xətai RPI-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X1 icraatına verilmişdir. Araşdırma zamanı Cavabdeh öz verdiyi izahatında 2015-ci il tarixdə ailədaxili münaqişə olmasına dair DIN-in 102 xidməti-zəng mərkəzinə müraciətinə əsasən bölmənin əməliyyat qrupu ilə birgə onun yaşadığı mənzilə gəldiyini, həmin tarixdə şəxsi ehtiyacları ilə əlaqədar pul lazım olduğundan ona müraciət edərək ona köməklik göstərməyini xahiş etdiyini göstərmişdir. Həmçinin Cavabdeh izahatında onun sürücü ilə ona 1000 manat pul və 43 qram qızıl-zinət əşyaları göndərməyini etiraf etmiş, həmin qızılları “28 May” metrostansiyasının yaxınlığında yerləşən lombarda qoyub müqabilində 900 manat pul götürdüyü, habelə yaxın vaxtlarda borcunu və qızıllarını ona geri qaytaracağını bildirmişdir. Guya maddi çətinlikləri olduğundan ona olan borcunu geri qaytara bilməmiş və onunla həmişə əlaqə saxladığında borcunu geri qaytaracağını demişdir. Araşdırma nəticəsində cavabdeh ona olan borcundan 1900 manat borcunu təhqiqata təhvil vermiş, həmin pul protokol tərtib edilərək ona təqdim olunmuşdur. Lakin, adları aşağıda qeyd edilən qızıl-zinət əşyaları 1. 7.65 qram 583 əyyar 1 ədəd üzük– dəyəri 788 manat; 2. 9.51 qram 585 əyyar zəncir (sep)– dəyəri 979,53 manat; 3. 17.74 qram 583 əyyar 1 ədəd qolbağı– 1827,22 manat; 4. 3.6 qram 583 əyyar zəncir (sep)– dəyəri 370,80 manat; 5. 6.3 qram 583 əyyar 1 ədəd klon– 648,90 manat; 6. 5.2 qram çəkidə 916 əyyar 5 ədəd qızıl diş və ya onun dəyəri ona geri qaytarılmamışdır. Bütün yuxarıda göstərdiyi məqamlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-ci il tarixli qərarda da öz əksini tapmış, qızıl zinət əşyalarının qaytarılması və ya dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnun izah olunması və s. məsələlər ətraflı şəkildə izah edilmişdir (əlavə olunur). Eyni zamanda məhkəmə prosesi zamanı cavabdehlə olan telefon danışıqlarıma dair səs yazılarını da təqdim edəcək ki, cavabdehin illər ərzində müxtəlif bəhanələrlə onu necə aldatması, hər dəfə qızılları qaytaracağını vəd etməsini ona vəd verməsi açıq aydın görünsün. Bununla yanaşı qızılların əyyar (prob) və çəkilərinin əks olunduğu birkaları, eləcə də cavabdehlə qızıllar barədə səs yazılarını da diskdə məhkəməyə təqdim edəcək. Qeyd etmək istərdi ki, cavabdeh uzun illər ərzində yəni 2015-ci ildən bugünədək olan müddət ərzində onun qızıllarını qeyri-qanuni olaraq saxlamış, geri verməmiş və yalnız onların dəyərindən kiçik bir hissə kimi 900 manatını ##.##.2023-cü il tarixdə şikayətindən sonra məcbur qalıb ona qaytarmışdır. O həmin qızılların 43 qram olmasını etiraf etmiş, lakin bununla belə özündən onun dəyərinin 900 manat olması qənaətinə gəlmişdir. 43 qram qızılının bugünkü dəyərinin 900 manat olması nəinki ağlabatan deyil, hətta qeyri-realdır və mümkünsüzdür. O səbəbdən də, cavabdeh ya ona həmin qızılları, o mümkün olmadıqda bugünkü real bazar dəyəri olan vəsaiti ona geri qaytarmalıdır. Bu zaman qızılın dəyərinə uyğun olaraq həmin vəsaiti özündə qeyri-qanuni saxlanması nəzərə alınaraq 2015-ci ildən bəri illik 5 faiz olmaqla gecikmə faizini də əlavə ödəməlidir. Qızılın alış və satış qiymətlərinin gündəlik dəyişməsi səbəbindən qızılın konkret qiyməti barədə rəqəm demək çətinlik yaradır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın 1 unsiyasının dəyəri ##.##.2024-cü il tarixinə 4513.5085 manat təşkil edir (https://www.cbar.az/currency/rates). Bu deməkdir ki, rəsmi məzənnəyə əsasən qeyd olunan tarixdə qızılın qramı 145,65 manat (4530.3895/31.1034769 (1 unsiyanın qramda çəkisi)=145,11) olaraq müəyyən edilmişdir. Lakin, əldə etdikləri şifahi məlumata əsasən hazırda tələb oluna qızılların əyyarlarını nəzərə alaraq bugünkü günə qızıl bazarında 583 və 585 əyyarlı (14k) qızılın ortalama qiyməti 103-105 manat, 916 əyyarın (22K) qızıl dişin dəyəri isə qramı 133-135 manatdır. Qeyd olunan qiymətlər nəzərə alınmaqla hesab edirlər ki, qızıl dişlərə görə 691,6 manat (5.2*133), digər ümumi çəkisi 44.8 qram olan əşyalara görə isə 4614,4 ( 44.8*103) olmaqla ümumilikdə 5306 manat dəyərində qızıl-zinət əşyalarını özündə saxlamışdır. Onlarından dəyərindən yalnız cəmi 900 manatı 2023-cü ilin dekabr ayında Xətai RPI-yə şikayətindən sonra ona məcbur qalıb ödəniş etmişdir. Yerdə qalan 4406 manat dəyərindən isə bugünədək cəmi 900 manat əlavə ödəniş etmişdir. Bu zaman xüsusilə qeyd edilməlidir ki, qızıl-zinət əşyalar zərgərlik məmulatları olmuş, yuxarıdakı hesablama lom qızıl satışı kimi qiymətlər nəzərə alınmaqla hesablanmışdır. Zərgərlik məmulatı kimi dəyərləri daha yüksəkdir. Qızılların ümumi dəyəri hesab etdikləri 5306 manat əsas vəsaitin 2015-ci ildən Cavabdehdə olmasını nəzərə alaraq illik 5 faiz gecikmə faizi kimi ona ödənilməsi də labüddür. 2015-ci ildən müddət axımı nəzərə alınmaqla 2024-cü ilədək illik 265,3 manat (5306 manatın 5%-i) olmaqla ümumilikdə 2387,70 manat faiz məbləğinin (MM 445.7) olan məbləğ cavabdeh tərəfindən ona ödənilməlidir. Göstərilən bu hallar qızılların birinin və ya bir neçəsinin, eləcə də hamısının qaytarılmaması halında nəzərə alınmalıdır.

2. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3736 manat və 41.66 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 439.4, 1091.1, 1092.1, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1094-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 101.3, 103.1, 119, 217.1, 234.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin izahatından, habelə təhqiqat orqanının ##.##.2023-cü il tarixli qərarından müəyyən edilir ki, tərəflər arasında 2015-ci ildə pul və qızıl-zinət əşyalarının verilməsi ilə bağlı faktiki münasibətlər mövcud olmuş, cavabdeh iddiaçıdan 1000 manat pul və təxminən 43 qram qızıl-zinət əşyaları aldığını etiraf etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qızıl-zinət əşyaları cavabdeh tərəfindən lombarda qoyulmuş, sonradan isə faktiki olaraq geri qaytarılmamışdır. Iddiaçı tərəfindən dəyəri tələb edilən qızıl-zinət əşyalarının hazırda cavabdehin faktiki sahibliyində olması iş materialları ilə təsdiqini tapmır. Əksinə, mövcud sübutlar həmin əşyaların üçüncü şəxsə ötürüldüyünü və cavabdehin onları naturada qaytarmaq imkanının olmadığını göstərir. Bununla yanaşı, iş materiallarında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin ##.##.2025-ci il tarixli ekspert rəyi mövcuddur. Həmin rəyə əsasən, iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının hazırkı real bazar dəyəri 5536 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə bu ekspert rəyini obyektiv, əsaslandırılmış və iş üzrə digər sübutlarla ziddiyyət təşkil etməyən sübut kimi qiymətləndirir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 1800 manat məbləğində pul ödənilmişdir. Bu hal təhqiqat materialları və protokollarla təsdiq olunur. Beləliklə, qızıl-zinət əşyalarının dəyəri kimi müəyyən edilmiş 5536 manat məbləğindən cavabdeh tərəfindən artıq ödənilmiş 1800 manat çıxıldıqda, iddiaçının xeyrinə tutulmalı olan qalan məbləğ 3736 manat təşkil edir. Bundan əlavə iddiaçı İddiaçı tərəfindən qızıl-zinət əşyalarının və ya onların dəyərinin uzun müddət qaytarılmaması ilə əlaqədar olaraq əlavə olaraq gecikmə faizi (5 faiz) şəklində pul məbləğinin tutulması da xahiş edilmişdir. Tərəflər arasında 2015-ci ildə yaranmış münasibətlər pul öhdəliyinin icrası ilə deyil, qızıl-zinət əşyalarının verilməsi və sonradan həmin əşyaların naturada geri qaytarılması ilə bağlı olmuşdur. Başqa sözlə, cavabdehin ilkin öhdəliyi müəyyən məbləğdə pulun ödənilməsi deyil, ona etibar edilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasından ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, gecikmə faizi yalnız pul öhdəliyinin icrasının gecikdirilməsi halında tətbiq edilə bilər. Halbuki, hazırkı iş üzrə uzun müddət ərzində cavabdehin üzərinə düşən öhdəlik konkret pul məbləğinin ödənilməsi deyil, qızıl-zinət əşyalarının özünün qaytarılması olmuşdur. Bu dövrdə qızıl-zinət əşyalarının pul ekvivalenti müəyyən edilməmiş, tərəflər arasında bu barədə razılaşma mövcud olmamışdır. Bundan əlavə, müəyyən edilir ki, iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının dəyəri yalnız məhkəmə araşdırması çərçivəsində, ekspert rəyinə əsasən müəyyən edilmişdir. Deməli, cavabdehin üzərinə düşən pul öhdəliyi məhz həmin andan etibarən formalaşmışdır. Bu tarixədək cavabdeh tərəfindən icrası gecikdirilmiş konkret və müəyyən edilmiş pul borcu mövcud olmamışdır. Pul öhdəliyinin mövcud olmadığı dövr üçün gecikmə faizinin hesablanması hüquqi baxımdan yolverilməzdir. Eyni zamanda nəzərə alınmalıdır ki, qızıl zinət əşyalarının bazar dəyəri illər ərzində əhəmiyyətli dərəcədə dəyişmişdir. Iddiaçının tələb etdiyi gecikmə faizi isə hazırkı bazar qiymətləri əsasında formalaşmış məbləğ üzərindən hesablanmışdır ki, bu da cavabdehin həmin məbləği bütün bu müddət ərzində faktiki olaraq istifadə etməsi anlamına gəlmir. Cavabdeh qızıl-zinət əşyalarının hazırkı real bazar dəyəri əsasında müəyyən edilmiş pul məbləğini ödəməklə artıq dəyər artımı riskini öz üzərinə götürmüş olur. Bu şəraitdə eyni məbləğ üzrə əlavə olaraq gecikmə faizinin tutulması tərəflər arasında ədalətli tarazlığı pozur və mülki dövriyyənin əsas prinsiplərinə zidd nəticə yaradır. Bu səbəblərdən iddiaçının gecikmə faizi kimi 2387,70 manat məbləğinin cavabdehdən tutulması barədə tələbininin əsassız olduğundan rədd edilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - Cavabdeh izahatına əsasən, İddiaçı sürücü ilə ona 1000 manat pul və 43 qram qızıl-zinət əşyaları göndərdi. O, həmin qızılları 28 May metrostansiyasının yaxınlığıda yerləşən Lombarda qoyub müqabilində 900 manat pul götürdü, həmin qızılların dəyəri az idi. Şövkətə yaxın vaxtlarda borcunu və qızılları geri qaytaracağını bildirdi, o, razılaşdı. Bundan sonra maddi çətinlikləri olduğundan Şövkət xanıma olan borcunu geri qaytara bilmədi. Şövkət ilə həmişə əlaqə saxladıqda pulu olan vaxtı ona borcunu geri qaytaracağını bildirirdi. Onun hal-hazırda Şövkət xanıma 1000 manat borcu və 43 qram qızıl dəyəri olan 900 manat pul borcu vardır. Yaxın günlərdə Şövkət xanıma olan borcunu qaytaracağına söz verir; - Xətai RPl-nin təhqiqat şöbəsinin ##.##.2023-cü il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardad görünür ki, Cavabdeh təhqiqata təqdim etdiyi 1900 manat pul protokol tərtib edilərək İddiaçı təhvil verilmişdir; - ********** nömrəli, ##.##.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir.- Azərbaycan Respublikası Ticarət və Senayə Palatası “Azərekspertiza” Birliyinin *** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, adları qeyd olunan qızıl zinət əşyalarının hazırki real bazar qiyməti 5536 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin ##.##.2026 – cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən təmin olunmuş hissədə ləğv edilib, iddia tələblərinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 101, 102, 103-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, iddiaçı çəkisi 7.65 qram olan 583 əyyarlı sarı qızıldan 1 ədəd üzüyün, çəkisi 9.51 qram olan 585 əyyar sarı qızıldan zəncirin (sep), çəkisi 17.74 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd “Sünbül” qolbağın, çəkisi 3.6 qram olan 583 əyyar sarı qızıldan zəncirin (sep); çəkisi 6.3 qram olan 583 əyyar sarı qızıldan 1 ədəd klon; 5.2 qram çəkisində 916 əyyar sarı qızıldan 5 ədəd qızıl dişlərin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsini tələb etsə də ümumiyyətlə bu əşyaların faktiki olaraq mövcud olması ilə bağlı hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2023-ci il tarixli qərara istinad etmişlər halbuki bu araşdırmada da qızıl məmulatlarının faktiki mövcud olması sübuta yetirilməmişdir. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ticarət və Senayə Palatası “Azərekspertiza” Birliyinin *** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, adları qeyd olunan qızıl zinət əşyalarının hazırki real bazar qiyməti 5536 manat təşkil edir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Ticarət və Senayə Palatası “Azərekspertiza” Birliyinin *** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyi qanunsuz və əsassızdır,belə ki, qızıl zinyət əşyalarının mövcud olmaması halında ekspert tərəfindən belə bir rəyin verilməsi qanunvericilik normalarının birbaşa pozuntusudur ki, yuxarı instansiya məhkəməsi bu xüsusata qiymət verməlidir. mötəbər və iş üçün əhəmiyyətli sübut təqdim edilməməsinə baxmayaraq,iddia tələblərini qismən təmin etmişdir,lakin cavabdeh tərəfindən kifayət qədər sübutlar təqdim edilməsinə baxmyaraq sonda ədalətsiz və əsassız qətnamə qəbul etmişdir ki, buda apellyasiya instansiyanda qətnamənin ləğvinə kifayət qədər əsaslar verir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Iddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı etiraz ərizəsini təqdim etmiş, etiraz ərizəsində qeyd edilmişdir ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh məhkəməyə qədərki araşdırmada və izahatında iddiaçıdan 1000 manat pul və 43 qram qızıl-zinət əşyalarını aldığını, onları lombarda qoyduğunu və geri qaytara bilmədiyini açıq şəkildə etiraf etmişdir. Cavabdeh apellyasiya şikayətində əşyaların mövcudluğuna dair sübutların olmadığını iddia etsə də, iş materiallarında onun açıq etirafı mövcuddur. Birinci instansiya məhkəməsi bu etirafı düzgün qiymətləndirərək, borcun mövcudluğunu sübuta yetirilmiş hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında vurğulanan vicdanlılıq prinsipi və hüquq nəzəriyyəsindəki "Estoppel" prinsipi tərəfin öz əvvəlki rəftarına zidd hərəkət etməsini qadağan edir. Cavabdehin birinci instansiyada borcu etiraf edib, indi formal apellyasiya şikayəti verməklə "əşya yoxdur” deməsi tipik hüquqdan sui-istifadədir. Əgər şikayət real hüquqi əsasa söykənmirsə və yalnız icranı gecikdirmək məqsədi daşıyırsa, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə cavabdehin hərəkətləri də məhz buna yönəlmişdir. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının 2387,70 manat məbləğində faiz (gecikmə faizi) tələbini rədd etmişdir. Bu, qətnamənin cavabdehin maraqlarını da nəzərə aldığını və obyektiv olduğunu bir daha sübut edir. Belə bir şəraitdə qətnamənin tamamilə mübahisələndirilməsi yalnız qərəzli xarakter daşıya bilər. Apellyator öz şikayətində birinci instansiyada irəli sürmədiyi faktiki mülahizələrə toxunur. Bu hissədə qeyd olunmalıdır ki, cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclaslarına gəlməyərək icraatı qəsdən yubandırmış, indi isə yalnız qətnamənin icrasını gecikdirmək üçün əsassız şikayət vermişdir. Apellyator eyni zamanda öz şikayətində "Azərekspertiza" Birliyinin ##.##.2025-ci il tarixli rəyini mübahisələndirir. Belə ki, birinci instansiyası məhkəməsi haqlı olaraq "Azərekspertiza" Birliyinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsaslanaraq qızılların real bazar qiymətini 5536 manat məbləğində müəyyən etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində bu rəyə qarşı heç bir təkzibedici sübut və ya alternativ qiymətləndirmə təqdim etməmişdir. Indiki vəziyyətdə şikayət xatirinə formal şikayətində bu rəyə etirazını bildirmişdir ki, bu da təbii olaraq qəbuledilməzdir. Məhkəmə eyni zamanda Cavabdehin əvvəllər ödəmiş olduğu 1800 manatı ümumi məbləğdən çıxaraq, qalıq 3736 manatın tutulmasına qərar vermişdir ki, bu da onun balansı qoruduğunu açıqca göstərir. Cavabdehin əşyaları naturada qaytarmaq imkanı olmadığı üçün dəyərin pulla əvəz edilməsi MM-in 337.5-ci maddəsinin ruhuna tam uyğundur. Tələb olunan qızılların Cavabdehdə olmadığı və üçüncü şəxsə (lombarda) verildiyi subut edildiyi üçün, məhkəmə onların dəyərinin pulla tutulmasına dair tam doğru nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdeh Ramil Məmmədov tərəfindən verilən apellyasiya şikayəti, şikayət xatirinə şikayət olaraq verilmiş, heç bir əsas olmadan sadəcə olaraq çıxarılmış məhkəmə qətnaməsinin icrasını gecikdirmək məqsədilə atılmış bir addımdır. O səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

6. Iddiaçının nümayəndəsi vəkil Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, məhkəmə iclasına gecikmə ehtimalının olduğunu bildirmiş, iş üzrə yekun məhkəmə aktı qəbul ediləcəyi təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

7. Cavabdeh Cavabdeh teleqramla müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. (teleqram məhkəmə iclası bitdikdən sonra məhkəmə kollegiyasına təqdim edilmişdir.) Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının ondan tələb etdiyi əşyaların faktiki olaraq mövcud olmadığına istinad etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Xətai Rayon Polis şöbəsinə verdiyi izahatında 1000 manat pulu və 43 qram qızılı iddiaçıdan aldığını etiraf etmişdir. Qeyd edilənlə nəzərə alınaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır.

12. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar