Məhkəmə qərarları › İş №e-2(3-6)-1554/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1554/2026

26.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1554/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İ Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4 İmamnəzər oğluna, “xxxx“ ASC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı "qeyri-yaşayış sahəsinin geri qaytarılması və sair" tələblərə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 İmamnəzər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4 İmamnəzər oğluna, “xxxx“ ASC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh3 tərəfindən qeyri-yaşayış sahəsinin onun sahibliyinə verilməsi və sənədləşdirilməsi, aralarında olan etibarnamə ləğv edildiyindən cavabdeh cavabdeh4 İmamnəzər oğlunun qeyri-yaşayış sahəsindən çıxarılması, onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadəyə hər hansı maneənin qadağan edilməsi, cavabdeh “xxxx“ ASC tərəfindən onun adına olan **/**** nömrəli abonent kodunun cavabdeh4 İmamnəzər oğlunun adından onun adına keçirilməsi, cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş təbii işığın alqı-satqısı müqaviləsinin bağlanmasına dair ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh4 İmamnəzər oğlunun ünvan 1 ünvanında yerləşən sahəsi 35 kv.m. olan qeyri-yaşayış obyektindən çıxarılması, cavabdeh cavabdeh4 İmamnəzər oğlu tərəfindən istifadəçinin həmin obyektdən istifadəsinə hər-hansı maneçiliyin yaradılmasının qadağan edilməsi, cavabdeh cavabdeh1 ASC tərəfindən **/**** nömrəli abonent kodunun cavabdeh4 İmamnəzər oğlunun adından iddiaçının adına keçirilməsi, 15.000 manat pul məbləğinin iddiaçı İddiaçı tutulub cavabdeh cavabdeh4 İmamnəzər oğluna qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh cavabdeh4 İmamnəzər oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh4 İmamnəzər oğlu apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsindən avtomobil təkərlərinin təmiri sexi kimi istifadə edilirdi. O da həmin qeyri-yaşayış sahəsindən gəlir əldə etmək məqsədi ilə istifadə edirdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh cavabdeh4 İmamnəzər oğlunun vəkili İskəndərli Könül Teyyub qızı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh cavabdeh3 məhkəmə iclasına gəlməmiş, cavabdehlər “xxxx“ ASC və Bakı şəhəri ** saylı Notariat Ofisi isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli qərarın: 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; 25-ci bəndinə əsasən kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır; 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖENin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı (VÖEN: **********), həm də cavabdehlər cavabdeh3 (VÖEN: **********) və cavabdeh4 İmamnəzər oğlu (VÖEN: **********) vergi odəyicisi kimi qeydiyyatda olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirlər. Başqa sözlə, hər iki tərəf sahibkarlıq subyektidir. Hazırda tərəflər arasında yaranmış mübahisə iddiaçının cavabdeh cavabdeh3 etibarnamə əsasında aldığı ünvan 1 ünvanında yerləşən sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsinin ona qaytarılması və bundan doğan digər tələblərlə bağlıdır. Belə ki, iddiaçı bu əmlakın onun yeganə iş yeri və ailəsinin gəlir mənbəyi olduğunu, xəstəliyindən istifadə edilərək, ondan məhrum edildiyini qeyd etmişdir. Həmin qeyri-yaşayış sahəsi isə avtomobil təkərlərinin təmiri sexi kimi istifadə edilir. Cavabdeh cavabdeh4 İmamnəzər oğlu da bu əmlakdan eyni əsaslarla istifadə edirdi. Başqa sözlə, hazırkı mübahisə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir və mübahisənin predmetini iddiaçının əvvəllər, cavabdeh cavabdeh4 İmamnəzər oğlunun isə hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinin geri qaytarılması təşkil edir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, hazırki mübahisə bilavasitə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, hazırki iddiaya məhkəmə aidiyyəti baxımından ümumi, o cümlədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və iddiaya baxılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Tərəflərdən hər hansı birinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirilməsi üçün əsas yaratmır və mübahisənin kommersiya məhkəməsinə aid olmasını istisna etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi zamanı məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri yoxlamamış və nəticədə ərizəni məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmaqla icraata qəbul edərək, işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-cü, 26-cı, 31-ci, 263- 264-cü, 384-cü, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh4 İmamnəzər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh4 İmamnəzər oğluna, “xxxx“ ASC-yə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı "qeyri-yaşayış sahəsinin geri qaytarılması və sair" tələblərə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar