Məhkəmə qərarları › İş №e-2(3-6)-1747/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1747/2026

17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1747/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi l oğlunun katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Daşınmaz əmlakın Icbari sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzil ##.##.2020-ci ildən ##.##.2021-cü il tarixinədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır.

3. “xxxx” MMMC-nin əməkdaşları Aytən Allahverdiyeva, Cavid Fərəcov və Zinyət Abışova tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 143B, *** saylı mənzilin sahibi X3 yaşadığı ünvan üzrə müraciəti əsasında mənzildə olmuşlar. Baxış zamanı X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 143B, *** saylı mənzilin qonaq otağına və dəhlizinin yan divarlarına su axıdılma faktını aşkar etmişlər. Beləliklə müəyyən edilmişdir ki, Binəqədi rayonu, Mir Cəlal 143B, *** saylı mənzildən (sahibi H.Fuad) suyun axıdılması nəticəsində aşağı mərtəbədə olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 143B, *** saylı mənzilin sahibi X3 əmlakına ziyan dəymişdir.

4. ## ###### 2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal ***B saylı daşınmaz əmlaka ümumilikdə 1.500 manat məbləğində zərər dəymişdir.

5. **** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ##.##.2021-ci il tarixli ****** saylı sığorta aktına əsasən 1.248,20 manat məbləğində sığorta ödənişi X3 hesabına köçürülmüşdür.

6. “xxxx” MMMC-nin arayışından görünür ki, Cavabdeh həqiqətən ünvan 1 ünvanında yerləşən mənzili 2019-cu ildə alqı-satqı müqaviləsi ilə əldə etmişdir. ##.##.2019-cu il tarixli 11190945594 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın tam pay sahibi olmuşdur. ##.##.2020ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Mənzili əldə etiyi gündən ## ###### 2021-ci il tarixədək adı çəkilən mənzildə tualet və kanalizasiya borularının dəyişdirilməsi ilə bağlı hərhansı təmir işləri aparılmamışdır. 2021-ci ilin yanvar ayının 7-də onun mənzilindən tualet borusunda aşınma, yeyilmə və tədricən xarab olma nəticəsində *** saylı qonşunun mənzilinə su axıdılmışdır. Bu hadisədən sonra *** saylı mənzilin sanitar qovşağında təmir işlərinə başlanılmışdır. Söküntü zamanı binanın tikintisi dövründə quraşdırılmış “isti döşəmə”nin altında birləşmələri aşınma, yeyilmə və tədricən xarab olma nəticəsində yararsız hala düşmüş mövcud kanalizasiya boruları aşkar edilərək götürülmüşdür. Təmir zamanı bütün kanalizasiya boruları, o cümlədən tualet, sifonlar, şlanqlar, kranlar və digər santexnika qurğuları yenisi ilə əvəz olunmuş, döşəmələr kafel metlaxla örtülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı Sığorta Şirkəti ASC cavabdeh Cavabdeh qarşı “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2021-ci il tarixində Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzilə suyun axıdılması nəticəsində zərər dəymişdir. “xxxx” MMMC-nin təqdim etdiyi aktda ünvan 2 ünvanında yerləşən mənzildən X3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9 cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzilin qonaq otağına və dəhlizin yan divarlarına suyun axıldılması faktı öz əksini tapmışdır. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda əmlaka dəymiş zərərin məbləği 1.500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzilin sahibinə 250 manat azadolma məbləği və 1,80 manat bərpa məbləği çıxılmaqla, 1.248,20 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Sığorta Şirkəti hesab edir ki, 1.248,20 manat məbləğində sığorta ödənişi cavabdeh Cavabdeh iddiaçı İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzilinə görə ödənilmiş 1248.20 manat məbləğində dəymiş zərərin, ödənilmiş 32.49 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

9. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, ona məxsus mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Zərərçəkənə məxsus olan mənzil isə binanın 2-ci mərtəbəsində yerləşir. Həmin mənzilə suyun axması onun 5-ci mərtəbədə yerləşən mənzilinin sanitar qovşağında tualet borusunun aşınma, yeyilmə və tədricən xarab olması nəticəsində baş vermişdir. Suyun axması nəticəsində eyni koordinatda 3-cü və 4-cü mərtəbələrdə yerləşən mənzillərə zərər dəyməmiş, ancaq 2-ci mərtəbədə yerləşən mənzilə külli miqdarda zərər dəyməsi şübhə yaradır. Belə ki, su 5-ci mərtəbədən ümumi təyinatlı 17 mərtəbəli şaft bacasına keçərək binanın 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağına axmalı idi. Lakin zərərçəkənin mənzilində, mərtəbələrarası divarlar və arakəsmələr daxil olmaqla konstruktiv dəyişikliklər nəticəsində şaft bacası aradan götürülmüş və sanitar qovşağın bir hissəsi layihə üzrə nəzərdə tutulan mətbəx otağına qatılmış, mətbəx otağı qonaq otağına çevrilmiş, layihə üzrə nəzərdə tutulan qonaq otağı isə mətbəxə çevrilmiş və çox böyük ehtimalla struktur əlaqələr və birləşmələrdə layihə dəyişikliyi nəticəsində dəhliz-sanitar qovşaq–şaft bacasımətbəx divarları, döşəmələr, tavanlar arasındakı hidroizolyasiya pozulmuşdur. Nəticədə, zərərçəkmişin mənzilində aparılmış layihədə nəzərdə tutulmayan tikinti dəyişikliklərinin nəticələrinə görə su onun mənzilindən 2-ci mərtəbədə hamam otağının bir hissəsi və ləğv edilmiş şaft bacası hesabına artırılmış zərərçəkmişin “qonaq otağına” daxil olmuşdur. O, bildirmişdir ki, ona məxsus yuxarıda qeyd edilən mənzil onların ailəsinə 2019-cu ildə digər tikinti şirkətinin təklifi ilə alqı-satqı müqaviləsi ilə, təcili köçmək üçün, orta təmirli, yaşayış üçün yararlı, əsaslı təmirə ehtiyacı olmayan vəziyyətdə pilot layihə çərçivəsində köhnə tikilinin əvəzinə əvəzləşdirilmişdir. Hadisə baş verənədək mənzildə tualet və kanalizasiya borularının dəyişdirilməsi ilə bağlı hər-hansı təmir işləri aparılmamışdır. Mənzildə yaşayışa 2020-ci ilin sonunda başlanılmışdır. Su axma baş verəndən sonra isə təcili surətdə hamam otağı sıfırdan əsaslı təmir edilmişdir. Söküntü zamanı binanın tikintisi dövründə quraşdırılmış “isti döşəmə”nin altında birləşmələri aşınma, yeyilmə və tədricən xarab olma nəticəsində yararsız hala düşmüş mövcud kanalizasiya boruları aşkar edilərək götürülmüşdür. Təmir zamanı bütün kanalizasiya boruları, o cümlədən tualet, sifonlar, şlanqlar, kranlar və digər santexnika qurğuları yenisi ilə əvəz olunmuş, döşəmələr kafel-metlaxla örtülmüşdür. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinin tələblərinə əsasən, subroqasiya hüququ yalnız dəymiş zərərə görə məsuliyyət daşıyana qarşı əmələ gələ bilər. O, hesab edir ki, yuxarıda qeyd etdiyi hallara görə onun hər hansı bir məsuliyyətə cəlb olunmasının əsası yoxdur. Göründüyü kimi, suyun borulardan axması nəticəsində zərər, konkret olaraq, onun məsuliyyət yarada bilən hərəkətləri nəticəsində deyil, binanın mənzilinə aid borularının yeyilmə və tədricən xarab olması və iddiaçı tərəfindən edilən konstruktiv dəyişiliklər nəticəsində baş vermişdir. Eyni zamanda, “Icbari sığortalar haqqında“ Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən, əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.5. boruların şaxta vurma, aşınma, yeyilmə və tədricən xarab olması nəticəsində suyun axması; Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində etirazın dəlilləri əsaslı sayılmaqla, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

11. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B ünvanında yerləşən *** saylı mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsurun aşkar olunmaması, su və kanalizasiya xətlərinin qalan hissələrinin qapalı olması səbəbindən *** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B ünvanında yerləşən *** saylı mənzildə mövcud olan qüsurların aradan qaldırılması üçün agörülməli olan işlərə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir.

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə təkrar kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus *** saylı mənzilə baxış zamanı həmin mənzilin su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilmədiyindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B ünvanında yerləşən *** saylı mənzilə su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B ünvanında yerləşən *** saylı mənzil naturada təqdim edilmədiyindən həmin mənzilə su sızması nəticəsində yaranmış qüsurların müəyyən edilməsi mümkün olmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

15. “xxxx” MMC-nin CVN/F **-***/** saylı ## ###### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 143B, *** saylı mənzilinə dəymiş zərərin məbləği ##.##.2026-cı il tarixə 1.228,50 manat məbləğində təşkil edir.

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim P.Ş.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 1.228,50 manat məbləğində pul vəsaiti, 32,49 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ***B saylı evin *** saylı mənzilindən X3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ***B saylı evin *** saylı mənzilinə suyun sızması halı müəyyən olmuş və bunun nəticəsində *** saylı mənzilə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığorta aktına əsasən 1.248,20 manat məbləğində ödəniş ödənilmişdir. “xxxx” MMC-nin CVN/F **-***/** saylı ## ###### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ***B saylı evin *** saylı mənzilə dəymiş zərərin məbləğinin 1.228,50 manat olması müəyyən edilmişdir.

18. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçı sığorta şirkətinin tələbi cavabdeh Cavabdeh qarşı qismən əsaslı olduğu üçün qismən təmin edilməli və cavabdeh Cavabdeh 1.228,50 manat məbləğində pul vəsaiti, 32,49 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq, iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

19. Məhkəmə cavabdehin etirazında göstərilən dəlillərinə, yəni zərərçəkənin mənzilində, mərtəbələrarası divarlar və arakəsmələr daxil olmaqla konstruktiv dəyişikliklərin edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin faktları təsdiq edəcək sübutlar məhz cavabdeh tərəfindən məhkəməyə təqdim edilməli olduğu halda, təqdim edilmədiyindən əsassız hesab edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 936.1, 936.2, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. "Icbari sığortalar haqqında" AR Qanununun 36.3.5-ci maddəsinə əsasən, boruların aşınma, yeyilmə və tədricən xarab olması nəticəsində suyun axması sığorta hadisəsi hesab olunmur. Iş materialarında olan "xxxx" MMC-nin arayışından və işin halarından görünür ki, ##.##.2021ci il tarixdə baş vermiş su sızması mənzilin tikintisi zamanı döşəməaltı (isti döşəmə) quraşdırılmış kanalizasiya borularının tədricən aşınması və yeyilməsi nəticəsində baş vermişdir. Qanunvericilik bu növ hadisələri sığorta hadisəsi hesab etmədiyi üçün, sığorta şirkətinin etdiyi ödəniş qanunsuz riskin qarşılanmasıdır və ona qarşı subroqasiya hüququ yaratmır. O, mənzili 2019-cu ildə almışdır və 2020-ci ilin avqust ayından orada yaşayır. Mənzil onların ailəsinə pilot layihə çərçivəsində anası yataq xəstəsi olduğu üçün birbaşa yaşayış üçün yararlı vəziyyətdə, təcili köçmək üçün tikinti şirkətinin tövsiyəsi ilə təqdim edilmişdi və alqı-satqı müqaviləsi ilə verilmişdi. 2019-cu ildə anası vəfat etdiyi üçün mənzilə köçmək gec olmuşdu, 2020-ci ilin sonlarında. Sözügedən hadisə 2021-ci ildə baş vemişdi. Hadisə baş verənədək santexnika sisteminə heç bir müdaxilə edilməmişdir. Sızıntı vizual görünməyən, "isti döşəmə"nin altında gizli qalan borularda baş vermişdir. Bu sızıntının qarşısını qabaqcadan almaq və ya onu görmək texniki cəhətdən qeyri-mümkün olmuşdur. Mülki Məcəllənin 1096-cı maddəsinə görə, zərərin vurulmasında şəxsin günahı (qəsdi və ya ehtiyatsızlığı) sübut olunmalıdır. Gizli aşınma nəticəsində baş verən qəzada onun hər hansı günahından söhbət gedə bilməz. Ona məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş verilməmişdir. Bu isə, MPM-in 387.2.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün mütləq əsasdır. Zərərçəkmiş şəxs (*** saylı mənzil) mənzilində qanunsuz konstruksiya dəyişikliyi edərək layihədə nəzərdə tutulmuş texniki şaxtanı söküb yaşayış sahəsinə qatmışdır. Əgər şaxta yerində olsaydı, sızan su birbaşa şaxta vasitəsilə 1-ci mərtəbəyə (avtodayanacağa) axacaqdı. Zərərin məhz mənzil daxilinə yayılmasının səbəbkarı zərərçəkənin özüdür. Zərərçəkənin mənzilindəki qanunsuz konstruksiya dəyişikliyinin (şaxtanın sökülməsinin) təsdiqi üçün yerində müayinə keçirilsin. "xxxx" MMC-nin arayışında qeyd olunan boruların "aşınma və yeyilmə" faktının sığorta qanunvericiliyinə (36.3.5-ci maddə) uyğunluğuna hüquqi qiymət verilsin. Məhkəmənin təyin etdiyi ekspetizala suyun bilavasitə onun mənzilindən axmasını sübuta yetiə bilməmişdir. Məhkəmə sübut olunmayan, qeyri-peşəkar, yalnız vizual müşahidə ilə unitaza suyun fasiləsiz axdığını görmüş bina mühafizəçisinin mülahizələrinə əsasən, heç bir digər akt iştirakçılarının iştirakı olmadan, mənzilə hər hansı baxış keçirməyən, cavabdehin iştirakı olmadan, tərtib edilmiş akt əsasında qətnamə çıxardıb. Məhkəmə zərərçəkmişin, sığorta müqaviləsini tərtib edən və sığorta hadisəsinin müəyyən edən sığoeta nümayəndəsinin, aktı imzalayan şəxslərin və mühafizəçinin məhkəməyə çağırılması, ifadələrin dinlənməsi, və onların izahatları əsasında suyun axıdılması faktına və sığorta prosessual qaydaların pozulmasına hüquqi qiymət verməmişdir. Sığota müqaviləsi bağlanarkən qanunsuz tikili olan mənzilin daxili otaqları (şaxta hesabına artılmış sahə) öyrənilməyib, bu səbəbdən sığorta halı qanunsuz baza üzərində qurulduğu üçün hadisə ilə bağlı hər hansı iddia cavabdehə aid edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

25. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mövsümlə əlaqədar biçin dövrü başlamışdır və o maddi-məsul şəxs kimi taxıl anbarına rəhbərlik etdiyindən iyun-iyul aylarında anbarı nəzarətsiz qoymaq müəssisəyə ciddi maddi ziyan vurulması riskini yaradır. Bu səbəbdən göstərilən tarixdə məhkəmə iclasında iştirakı obyektiv olaraq mümkün deyil. Cavabdeh məhkəmə iclasının 2026-cı ilin avqust ayına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 368.3-cü maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 935.1. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: ...935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

27. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 15.1. Icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa görə qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərkən, işin müəyyən edilmiş aşağıdakı hallarını mülki qanunvericiliyin tələbləri baxımından qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

34. Belə ki, X3 mülkiyyətində olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış mənzilə icbari sığorta müqaviləsi qüvvədə olduğu dövrdə, cavabdehin mülkiyyətində olan mənzildən su sızmış və bunun nəticəsində S.Həmidovanın mənzilinə zərər dəymişdir.

35. Bu faktı “xxxx” MMMC öz arayışı ilə təsdiq etmişdir.

36. Iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi həyata keçirildikdən sonra, həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

37. Cavabdeh iddiaya qarşı etirazının dəlili olaraq X3 tərəfindən mənzilində qanunsuz konstruksiya dəyişikliyi edilərək layihədə nəzərdə tutulmuş texniki şaxtanın sökülüb yaşayış sahəsinə qatıldığını bildirsə də, MMMC bu halı təsdiq etməmişdir.

38. Nəzərə alınmalıdır ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılan cəmiyyətdir və cavabdehin bildirdiyi hal MMMC tərəfindən nəzərə alınmalı və təsdiq edilməli idi.

39. Qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən qonşu mənzillərdən daxil olan su nəticəsində subasma sığorta hadisəsi hesab edilir və bu halda məsuliyyəti həmin mənzilin sahibi daşıyır. Mənzil sahibinin öz əmlakını, o cümlədən daxili kommunikasiya xəttlərini təhlükəsiz və istismara yararlı vəziyyətdə saxlamaq, onların texniki vəziyyətinə nəzarət etmək və zəruri hallarda müvafiq tədbirlər görmək vəzifəsi vardır.

40. Kollegiya onu da qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ona məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş verilməməsinə istinad etsə də, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iclasların yeri və vaxtı barədə göndərilmiş sms bildirişlər (elektron məhkəmə informasiya sistemindən nömrələrin cavabdehə məxsusluğu müəyyən olunur), habelə elektron kabinet vasitəsilə məlumatlandırılmış, məhkəmənin hər iki hazırlıq iclasında iştirak etmiş, iddia ərizəsinə qarşı öz etirazını elektron kabinet vasitəsilə təqdim etmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

42. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar