Məhkəmə qərarları › İş №e-2(3-6)-1880/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1880/2026

24.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1880/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh X10 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbi) Hakimlər X11 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı İB-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğac üzrə *************** nömrəli abonent kodu istehlakçı X2 məxsusdur. İddiaçı qurum tərəfindən iddia ərizəsində ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi akt tərtib edilərək zərər hesablandığı qeyd edilsə də, məhkəməyə sadəcə üç (##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli) akt və tələbnamə təqdim edilmişdir. Həmin aktların ilk iksində məhz istehlakçı Nadirov Faiq tərəfindən fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilərək tərtib edilmiş və məhz Nadirov Faiq barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. Bununla yanaşı, yalnız sonuncu ##.##.2024-cü il tarixli akt cavabdeh Nadirov Mehriban barəsində tərtib edilmiş və X12 Agentliyinin Bakı filialı tərəfindən də həmin akt əsasında məhz cavabdeh Nadirov Mehriban inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur.

2. Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında X12 Agentliyinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 03.12.208-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azəriqaz İB tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı İB cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı İB-yə vurulmuş 19 261,68 manat məbləğində zərərin, 257,87 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 148,56 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 19 668,11 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən Cavabdeh yaşadığı ünvan 1 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdan-kənar istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq *************** nömrəli abonent kodu verilmişdir. Cavabdeh “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək və “Qazdan İstifadə Qaydaları”nın 6.5ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır (video çəkiliş olan disk məhkəmə iclasında təqdim ediləcək). Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və ümumilikdə tərtib edilmiş aktlar üzrə 19261,68 manat məbləğində İddiaçı İB-yə maddi zərərin vurulduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin X12 Agentliyinin İnzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə edilir). Bundan əlavə cavabdehin 257,87 manat debitor borcu var idi. Beləliklə, cavabdehin İddiaçı İstehsalat Birliyinə ümumi borcu 19 519,55 manat borcu mövcuddur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi zərər üzrə 342.24 AZN məbləğində pul vəsaitinin və ödənilmiş 30 AZN dövlət rüsumunun məbləğinin tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilsməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında X12 Agentliyinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 03.12.208-ci il tarixdən ##.##.2022ci il tarixədək Azəriqaz İB tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixə qədər tərtib edilmiş aktlar qanunvericiliyin tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış dəymiş ziyanın məbləği abonentdən tələb edilə bilməz. Beləliklə, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Belə olan halda şəxsin təqsirli olmadığı əmələ və vurmadığı zərərə görə məsuliyyətə cəlb olunması qanunsuzdur. Bu səbəblə məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı İB tərəfindən 03.12.208-ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmiş akt və tələbnamə əsasında hesabanmış zərər (borc) məbləğinin cavabdehdən tələb edilməsi əsassızdır və ona görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bununla belə, məkəmə araşdırması ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixli akt məhz cavabdeh X4 barəsində tərtib edilmiş və həmin akt əsasında da X12 Agentliyinin Bakı filialı tərəfindən ##.##.2025- ci il tarixli qərarla cavabdeh inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh izahatında həmin halın olmasını etiraf etmiş, barəsində tərtib edilmiş qərardan məlumatlı olduğunu və cəriməni də artıq ödədiyini bidlirmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız ##.##.2024-cü il tarixli akt və tələbnamə əsasında hesablanmış 342.24 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. İddia tələbinin 257.87 manat debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyil. Müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrasının tələb edilməsi isə yalnız müvafiq müqavilə mövcud olduğu halda mümkündür. Hazırda tərəflər arasında müqavilə olmadığından cavabdehin müqavilə üzrə məsuliyyət daşıması da qanuna uyğun hesab edilə bilməz. Ona görə məhkəmə hesab etmişdir ki, cavabdehdən təbii qazdan istifadəyə görə 257.87 manat debitor (müqavilə üzrə sərfiyyat) borcun tutulması tələbi də təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarının 3-cü, 4-cü, 6-cı bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-cü, 11.6-cı, 13.8-1-ci maddələrinə, Mülki Məcəllənin 386.1, 448ci, 1096.1-ci, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81-ci, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı Birlik apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunvericiliyin tələblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

Maddə 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları”nın: 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi aktlar üzrə tutulmalı olan maddi ziyanın məbləğinə dair müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, lakin debitor borcun tutulması hissəsində yanlışlığa yol vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi debitor borcun tutulması hissəsində dəyişdirilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğac üzrə *************** nömrəli abonent kodu istehlakçı X2 məxsusdur. İddiaçı qurum tərəfindən iddia ərizəsində ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi akt tərtib edilərək zərər hesablandığı qeyd edilsə də, məhkəməyə sadəcə üç (##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli) akt və tələbnamə təqdim edilmişdir. Həmin aktların ilk ikisində məhz istehlakçı Nadirov Faiq tərəfindən fərdi evdə sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edildiyi qeyd edilərək tərtib edilmiş və məhz Nadirov Faiq barəsində vurulmuş zərərə görə borc hesablanmışdır. Bununla yanaşı, yalnız sonuncu ##.##.2024-cü il tarixli akt cavabdeh Nadirov Mehriban barəsində tərtib edilmiş və X12 Agentliyinin Bakı filialı tərəfindən də həmin akt əsasında məhz cavabdeh Cavabdeh inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Digər akt və tələbnamələrə münasibətdə isə inzibati məsuliyytə cəlb edilmə barədə qərar iddiaçı tərəfindən ümumiyyətlə məhkəməyə təqdim edilmədiyi kimi, iddiaçı qurumun nümayəndəsi özü də izahatında belə qərarların mövcud olmadığını təsdiq etmişdir.

22. Göründüyü kimi, iddiaçı qurum tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi tərtib edilmiş və əsasında zərər hesablanaraq hazırda tələb edilən 35 Akt və tələbnamənin (iş materiallarında olan iki aktın) heç birinin ilə bağlı hər hansı müraciət olmamaqla bununla bağlı müvafiq icra hakimiyyət orqanının hər hansı inzibati tənbehi və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə aktı mövcud deyil. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması faktı sübut edilmədən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur.

23. Habelə Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında X12 Agentliyinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 03.12.208-ci il tarixdən ##.##.2022-ci il tarixədək Azəriqaz İB tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. ##.##.2022ci il tarixindən ##.##.2025-ci il tarixə qədər tərtib edilmiş aktlar qanunvericiliyin tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış dəymiş ziyanın məbləği abonentdən tələb edilə bilməz.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaların”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz.

25. Belə ki, iddiaçı qurum tərəfindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə kənar qanusuz xətt vasitəsilə qoşulma faktının olması və belə fakt varsa bu qoşulmanın məhz cavabdeh tərəfindən edildiyi və cavabdehin təqsirliliyi heç bir mötəbər və mümkün sübutlarla təsdiq edilə bilməmiş, məhkəmə araşdırması ilə də qeyd edilən hallar aşkar edilməmişdir. Əksinə, iddiaçı qurum tərəfindən tərtib edilmiş və sübut kimi təqdim edilmiş aktlar və tələbnamələr qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib edildiyi və yuxarıda qeyd edilən digər əsaslara görə faktı təsdiq etmək üçün mötəbər və mümkün sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı İB tərəfindən 03.12.208-ci il tarixindən ##.##.2024-cü il tarixinədək tərtib edilmiş akt və tələbnamə əsasında hesabanmış zərər (borc) məbləğinin cavabdehdən tələb edilməsini əsassız hesab etməkdə haqlı olmuşdur.

26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aktlara münasibətdə qətnamədə qeyd edilən məbləğin tutulmamasını əsaslı hesab etsə də, iddia tələbinin 257.87 manat debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşmır.

27. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh arasında müqavilə bağlanmamışdır. Yəni iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud deyil. Lakin müqavilə cavabdehin həyat yoldaşı ilə bağlansa da, hazırda sonuncu rəhmətə getdiyindən həmin mənzil arvadı olaraq onun sahibliyinə keçmiş, həmin evdə yaşanılmaqla məhz həmin abonent kodu üzrə istifadə edilmiş qazın sərfiyyatına görə borcda cavabdehdən tutulmalıdır. Belə olan halda yalnız müqavilənin bağlandığı şəxsin ölmüş olmasına istinad etməklə müqavilə münasibətləri olmaması əsası ilə iddianın təmin edilməsi cavabdehə münasibətdə hüquqdan sui-istifadə halına gətirib çıxarmaqla, tələb edilən məbləğdə maddi vəsaitinin ödənilməsindən kənarda qalaraq əsassız qaydada varlanmaq imkanına malik olmuş olur. Qeyd edilənlər baxımından məhz qazdan istifadə ilə bağlı ödənilməmiş debitor borcu da məhz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı İB-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi debitor borcun tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, Cavabdeh 257,87 manat məbləğində debitor borcu tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı İB-nin apellyasiya şikayəti qismən təmin edisin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi Cavabdeh 257,87 manat məbləğində debitor borcun İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh Cavabdeh 257,87 manat məbləğində debitor borcu tutularaq iddiaçı İddiaçı İstehsalat Birliyinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (yalnız iddiaçı İddiaçı İB tərəfindən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar