Məhkəmə qərarları › İş №e-2(3-6)-2015/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2015/2026

22.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2015/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Hakan Öztürkün cavabdeh Fırat Yıldırıma qarşı iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Hakan Öztürkün cavabdeh Fırat Yıldırıma qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Hakan Öztürkün cavabdeh Fırat Yıldırıma qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad belə əsaslandırılmışdır ki, hazırki iddia ərizəsində cavabdeh qismində rezident olmayan fiziki şəxs “Fırat Yıldırım” göstərilmiş, lakin “Azemis” Elektron İnformasiya Sistemində onun barəsində hər hansı bir məlumat aşkar edilməmişdir. İddia ərizəsinə cavabdehin sonuncu qeydiyyatda olduğu ünvanı təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Qeyd olunan səbəblərdən iddia ərizəsinin aiddiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, yaxud digər məhkəmədə baxılmalı olduğunu müəyyən etmək də mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə mübahisənin məhkəməyə qədər həll olunması ilə bağlı cavabdehə ünvanlanmış pretenziya məktubunu və ya onun göndərilməsini təsdiq edən sənədi əlavə etməmişdirir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı Hakan Öztürkün cavabdeh Fırat Yıldırıma qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, (qəbz: №**********, ##.##.2026-cı il tarixli) Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı Hakan Öztürkə geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən qəbz üzrə ödənilmiş dövlət rüsumu artıq məhkəmə qərardadı ilə geri qaytarılmışdır. İş materiallarında iddiaçı tərəfindən yenidən dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı sübut yoxdur.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

4. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilərək baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən düzgün olmayan maddi hüquq normasına əsaslanaraq iddianın icraata qəbul olunması barədə qərar qəbul edilməyərək iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Tərəflərindən Bakı şəhəri Nəsimi rayon polis idarəsinə müraciət edilmiş və cavabdehin son yaşayış yerinin Bakı şəhəri Yasamal rayonu olduğu polis orqanı tərəfindən müəyyən edilmişdir. İkinci bir tərəfdən tərəflərindən iddia tələbi sırf pul tələbi olduğu üçün pretenziya qaydasına əməl edilməsi zərurəti olmamışdır. Bu səbəbdən də hesab edirlər ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.5. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İlkin olaraq qeyd edilməlidir ki, hazırki tələb üzrə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə ##.##.2026-cı il tarixli, ********** nömrəli qəbz əlavə edilmişdir.

12. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə ##.##.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 315,95 manat məbləğində pul vəsaitinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı Hakan Öztürkə geri qaytarılması qərara alınmışdır.

13. Bundan əlavə, iddiaçı tərəfindən yenidən dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir.

14. İşdən həmçinin görünür ki, cavabdeh əcnəbi şəxsdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən onun yaşayış və olduğu yer barədə məlumat aşkar edilmir.

15. Mülki-prosessual qanunvericilik iddiaçının üzərinə cavabdeh əcnəbi şəxs olduğu təqdirdə onun eyniləşdirmə məlumatlarının iddia ərizəsində göstərilməsi vəzifəsi qoyur. Kollegiya nəzərə alır ki, iddiaçı vəkil ilə təmsil olunur və vəkil tərəfindən miqrasiya xidmətinə müraciət edilməklə əcnəbi şəxs olan cavabdeh barəsində eyniləşdirmə məlumatların, o cümlədən olduğu yer üzrə qeydiyyata alındığı ünvan barədə rəsmi məlumat əldə edilə və məhkəməyə təqdim edilə bilər.

16. Bununla belə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə pretenziya qaydasına əməl edilməməsi ilə bağlı mövqeyinə tənqidi yanaşaraq qeyd edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilə ilə də (iş materiallarından tərəflər arasında yazılı müqavilənin mövcudluğu müəyyən edilmir) belə qaydaya riayət edilməli olması müəyyən edilmir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar