Məhkəmə qərarları › İş №e-2(3-7)-544/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-544/2026

18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-544/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: plastik kart üzrə overdraft borcun qaytarılması) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ##.##.2023-cü il tarixdə “xxxx” MMC-yə məxsus ##.##.2023-cü il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir.

2. İstifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən İstifadəçinin cihazı serverə bağlandığı zaman Şirkət ona qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı Müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırkı müqaviləyə edilmiş dəyişikliklərdən sonra cavabdehin Tətbiqə daxil olmağı və ya ondan istifadə etməyi, sözügedən dəyişiklikləri razı olaraq qəbul etməyi və dəyişikliklərə riayət etməyə dair öz üzərinə öhdəlik götürür.

3. Tərəflər arasında bağlanmış Ödəniş xidmətinə dair müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən Təchizatçı, İstifadəçinin Hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada İstifadəçinin hesabından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən İstifadəçi, Hesabında yaranmış overdraftı ödənmədiyi halda, Təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq İstifadəçidən tələb edə bilər.

4. İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış ## #### 2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilənin surətindən görünür ki, xxxx MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını İddiaçı MMC-yə güzəşt etmişdir.

5. Təqdim olunmuş maliyyə arayışından görünür ki, overdraft borcu 229,97 manat təşkil edir.

6. ##.##.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə artıq xərclənmiş pulun 3 iş günü ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə, həmin borcun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

7. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı MMC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçının xeyrinə 229,97 manat overdraft borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2023-cü il tarixdə “xxxx” MMC-yə məxsus ##.##.2023-cü il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı ##.##.2024-cü il tarixdə 230 AZN vəsait kartdan digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanan ##.##.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləsinə əsasən xxxx MMC özünün əqli mülkiyyəti hesab edilən akart məhsulunun hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını İddiaçı MMC-yə güzəşt etmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2023-ci il tarixli İstifadəçi müqaviləsinin 1-ci yarımbəndinə əsasən İstifadəçinin cihazı serverə bağlandığı zaman Şirkət ona qabaqcadan dəyişiklik haqqında məlumat verməklə hazırkı Müqavilə şərtlərinə dəyişiklik edə və onu yeniləyə bilər. Hazırki müqaviləyə edilmiş dəyişikliklərdən sonra onun Tətbiqə daxil olmağı və ya ondan istifadə etməyi sözügedən dəyişiklikləri razı olaraq qəbul etməyi və dəyişikliklərə riayət etməyə dair öz üzərinə öhdəlik götürdüyünü ifadə edir. Tərəflər arasında bağlanmış Ödəniş xidmətinə dair müqavilənin “Elektron pula dair şərtlər” adlı 5-ci yarımbaşlığının 5.1.7-ci maddəsinə əsasən Təchizatçı, İstifadəçinin Hesabına səhvən və ya əsassız olaraq daxil olmuş və ya köçürülmüş və ya sonradan səhvən və ya əsassız olaraq daxil olduğu və ya köçürüldüyü müəyyən edilmiş vəsaitləri akseptsiz qaydada İstifadəçinin hesabından silə və ya yetərli məbləğdə vəsait olmadıqda overdraft yarada bilər və eyni zamanda həmin müqavilənin 5.1.8-ci maddəsinə əsasən İstifadəçi, Hesabında yaranmış overdraftı ödənmədiyi halda, Təchizatçı bu məbləğə ödənilməmiş borc olaraq faiz və ya cərimə (dəbbə pulu) hesablayaraq İstifadəçidən tələb edə bilər. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır.

10. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, heç bir vaxt iddiaçı təşkilatdan pul götürməmiş, onlarla müqaviləsi olmamışdır. Qeyd edilən 230 manat pulu ona kart vasitəsilə atası göndərmiş və o, da həmin pulu ehtiyacları üçün xərcləmişdir. Hazırda iddiaçıya borcu yoxdur.

11. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

12. Bundan sonra, cavabdeh Cavabdeh məhkəməyə vəsatət göndərərək, iş üzrə iddia olunan məbləğin (kartına köçürülmüş pulun) onun istifadəsindən sonra yenidən pulu göndərən şəxsə qaytarılıb-qaytarılmamasını müəyyən etmək üçün “AX2 təşkilatı” MMC-nə və “xxxx” ASCə sorğu edilərək hesabdan çıxarış tələb edilərək, işə əlavə olunmasını xahiş etmişdir.

13. İddiaçı İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək vəsatətlə əlaqədar bildirmişdir ki, əməliyyatın uğursuz olması barədə bankın rəsmi cavabı iş materiallarına əlavə edilmişdir. Belə ki, bank əməliyyatları praktikasında “uğursuz əməliyyat” anlayışı o deməkdir ki, tranzaksiya icra olunmamış, vəsait təyinatı üzrə köçürülməmiş və nəticə etibarilə məbləğ göndərənin hesabında saxlanılmış və ya avtomatik qaydada geri qaytarılmışdır. Bu baxımdan həmin hal artıq yazılı sübutlarla təsdiq edilmişdir və əlavə olaraq bankdan məlumat tələb edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.3-cü maddəsinə əsasən, yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatət yalnız o halda təmin edilə bilər ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya həmin vəsatətin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməməsi tərəfdən asılı olmayan səbəblərlə bağlı olsun. Məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.B. Mehrəliyev) iddia təmin edilmişdir. Cavabdeh Cavabdeh 229,97 (iki yüz iyirmi doqquz manat 97 qəpik) manat overdraft borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında araşdırılan sübutlarla iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023- cü il tarixli İstifadəçi müqaviləsi çərçivəsində ##.##.2024-cü il tarixdə 230 manat vəsait kartdan digər karta köçürmə edərkən, əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraft borcunun yaranması, müqavilənin şərtlərinə əsasən, həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı olması, edilmiş rəsmi xəbərdarlığa baxmayaraq, geri qaytarmaqdan imtina etməsi təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 194.1, 386.1, 425, 439.4, 442, 445, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 284.1, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kartına valideynləri tərəfindən pul göndərilir, həmin pulu çıxarıb zəruri ehtiyaclarına xərcləyir. Kartına gələn həmin 230 manatı atası göndərmişdir, həmin 230 manatı da çıxarmışdır. İddiaçı İddiaçı MMC-nin əməkdaşları zəng edərək hazırkı tələblə bağlı bildirdikdə, atasından kartına göndərdiyi pulun yenidən onun kartına qaytarılıb-qaytarılmamasını soruşdu və atası bildirdi ki, heç vaxt göndərdiyi pulu geri qayıtmayıb. İşə məhkəmədə baxılarkən vəsatət verdi ki, kart hesabından çıxarış alınsın və bundan sonra müəyyən edilsin ki, həqiqətən iddiaçı təşkilatın iddia tələbi haqlıdır, ya yox. Ancaq işə baxan məhkəmə buna zərurət görməmişdir. Bu günlərdə həm öz, həm də atasının mobil telefonunda kart hesablarına daxil olaraq araşdırma aparmış və öyrənmişdir ki, həqiqətən də ##.##.2024-cü il tarixdə atasının kartından onun kartına 230 manat köçürülüb və saat 14-06-da imtina olunub. 5 dəqiqə sonra, saat 14- 11-də yenidən kartına 230 manat köçürülmüşdür. Buradan belə məlum olur ki, iddiaçı İddiaçı MMC-nin iddia tələbi haqqsız və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin istinad etdiyi hesabdan çıxarış iş materiallarına əlavə olunmuşdur. Cavabdehin apellyasiya şikayətində özü də etiraf etmişdir ki, ##.##.2024-cü il tarixdə onun kart hesabına 230 manat məbləğində vəsait iki dəfə köçürülməyə cəhd edilmiş, əməliyyatlardan biri uğursuz olmuş, digəri isə uğurla həyata keçirilmişdir. Bu hal həmçinin iş materiallarında olan sübutlarla öz əksini tapır. Lakin hesabdan çıxarış və əməliyyatların ardıcıllığı göstərir ki, uğursuz hesab edilən əməliyyat üzrə məbləğ cavabdehin hesabında müvəqqəti olaraq əks olunmuş və faktiki olaraq onun sərəncamına keçmişdir. Belə ki, saat 14:09-da uğursuz əməliyyat nəticəsində hesabda əks olunan 230 manat məbləğində vəsait cavabdeh tərəfindən dərhal card-to-card əməliyyatı vasitəsilə üçüncü şəxsə köçürülmüşdür. Bundan sonra, saat 14:11-də hesabına yenidən 230 manat məbləğində vəsait daxil olduqdan sonra cavabdeh eyni məbləği yenidən digər şəxsə köçürmüşdür. Göstərilənlərdən aydın olur ki, cavabdeh faktiki olaraq hesabına real daxil olmuş 230 manat məbləğində vəsaitdən əlavə olaraq, texniki səbəbdən (klirinq prosesinin tamamlanmaması nəticəsində) müvəqqəti əks olunmuş vəsait üzərində də sərəncam vermişdir. Beləliklə, bir dəfə faktiki daxil olmuş vəsaitdən əlavə olaraq eyni məbləğin ikinci dəfə köçürülməsi yalnız hesabda artıq (əsassız) vəsaitin formalaşması hesabına mümkün olmuşdur ki, bu da sonradan həmin məbləğin silinməsi ilə cavabdehin hesabında overdraftın yaranmasına səbəb olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İşə baxılması ilə bağlı tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4.öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, Cavabdeh ##.##.2023-cü il tarixdə “xxxx” MMC-yə məxsus ##.##.2023-cü il tarixli İstifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və müqavilə əsasında cavabdeh virtual kart əldə etmişdir. İş materiallarında olan Hesabdan Çıxarışdan göründüyü kimi, Cavabdeh ümumilikdə təşkilata məxsus 229.97 AZN pul vəsaitindən istifadə etmişdir. Müəyyən edilir ki, cavabdeh ona təqdim edilmiş kart hesabının qalığından əməliyyat aparmaqla (overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da təşkilatın vəsaiti hesabına əsassız varlanmışdır.

28. Qeyd edilməlidir ki, overdraft dedikdə, kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatlar üçün tələb olunan pulun çatışmayan hissəsinin bank tərəfindən ödənilməsi, texniki (icazə verilməmiş) overdraft dedikdə isə, tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur.

29. İşə əlavə edilmiş maliyyə sənədlərindən görünür ki, ##.##.2024-cü il tarixində saat 14:09-da Cavabdeh kartına 230 manat vəsait mədaxil edilmiş, saat 14:10-da cavabdeh “account to account” edərək 230 manatı digər üçüncü şəxsin hesabına göndərmiş, bundan sonra kartda 0.32 manat qalmış, eyni zamanda həmin tarixdə saat 14:11-də karta 230 manat mədaxil olunmuş və eyni saatda həmin məbləğ “account to account” edilərək 230 manatı digər üçüncü şəxsin hesabına göndərilmişdir.

30. Cavabdeh debet kartından saat 14:10-da “account to account” etdiyi 230 manat pul məbləği əslində onun hesabında olmayan məbləğ olmuşdur, lakin texniki səbəblərdən o, hesabında olmayan puldan istifadə edə bilmişdir.

31. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayətində də qeyd olunmuşdur ki, kartına mədaxil edilməsi üçün ilk olaraq, 230 manat göndərilmiş, ancaq sonra bu əməliyyatdan imtina olunmuş və bir müddət keçdikdən sonra yenidən cəhd edilmişdir. Yəni cavabdehin saat 14:10-da köçürmə etdiyi məbləğ, köçürülməsindən imtina olunmuş məbləğdir, hansı ki texniki səbəblərə görə həmin pul vəsaiti kart hesabında saxlanılmışdır.

32. Şərh olunanlar onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış ##.##.2023cü il tarixli İstifadəçi müqaviləsi çərçivəsində ##.##.2024-cü il tarixdə 230 manat vəsait kartdan digər karta köçürmə edərkən, əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraft borcu yaranmışdır.

33. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin təşkilatın vəsaitini mənimsəməsi əsassız varlanma halı kimi qiymətləndirilir, overdraft borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsasən, məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuş, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verməmiş, tətbiq etməli olan hüquq normalarını tətbiq etmiş və işin halları ilə bağlı düzgün olan nəticəyə gəlmişdir.

35. Həmçinin qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmasına görə qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin olunmasın. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar