Məhkəmə qərarları › İş №e-2(3-8)-681/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-681/2026

16.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-681/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və satılmış qızıl-zinət əşyalarının, həmçinin yararsız hala düşmüş cehizlərin bazar dəyərinin müəyyən edilərək cavabdehdən tutularaq ona ödənilməsi, uşaqların mənzil ehtiyaclarının təmin edilməsi üçün cavabdehin üzərinə uşaqlar üçün mənzil alınması və ya kirayə haqqının ödənilməsi barədə öhdəlik qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbində qızıl-zinət əşyalarının, cehiz əmlakının dəyərinin geri qaytarılması tələb olunur. Lakin iddiaçının tələbi qeyri-müəyyən olmaqla qızıl-zinət əşyalarının çəkisi, əyarı, dəyəri, növü (üzük, sırğa vəs), eyni zamanda cehiz əmlakların konkret nədən ibarət olması tələbində göstərilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı qərardaddan şikayət verərək, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsini, işin başqa hakimə verilməsini və iddia üzrə icraatın başlanılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda cavabdehin yaşayış ünvanının bəlli olmadığını əsas gətirir. Lakin hakim V.Şirəliyeva tərəflər arasındakı boşanma işinə baxarkən, məhz həmin ünvan üzrə cavabdehə qarşı uşaqların xeyrinə aliment kəsilməsi barədə qərar çıxarmışdır. Aliment kəsilərkən məhkəməyə bəlli olan və rəsmi qərarda qeyd edilən ünvanın indi "naməlum" hesab edilməsi obyektiv icraatdan yayınmaqdır. Hakim qızıl-zinət əşyalarının adlarının bir-bir yazılmamasını, ölçüsü, əyyarı və dəyərinin göstərilməməsini bəhanə gətirmişdir. Bildirir ki, cavabdeh tərəfindən ondan xəbərsiz satılan və hazırda onda olmayan əşyaların dəqiq texniki göstəricilərinin (çəki, əyyar) iddiaçı tərəfindən edilməsi fiziki olaraq qeyri-mümkündür. Məhz bu səbəbdən iddia ərizəsində həmin əşyaların fotolarını təqdim etmiş və MPM-nin tələblərinə uyğun olaraq ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Bu texniki detalların bəhanə edilərək iddianın geri qaytarması MPM-in 150-ci maddəsinin tələblərinə ziddir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəldilən və təmin olunması məhkəmədən xahiş edilən tələb başa düşülür. Hazırki işdən görünür ki, iddiaçı tərəfindən ona məxsus olan və satılmış qızıl-zinət əşyalarının, həmçinin yararsız hala düşmüş cehizlərin bazar dəyərinin müəyyən edilərək cavabdehdən tutularaq ona ödənilməsi, uşaqların mənzil ehtiyaclarının təmin edilməsi üçün cavabdehin üzərinə uşaqlar üçün mənzil alınması və ya kirayə haqqının ödənilməsi barədə öhdəlik qoyulmasına dair iddia ilə məhkəməyə müraciət olunsa da, qızıl əşyalatının, eyni zamanda cehiz əmlakların konkret nədən ibarət olması, fərqləndirici əlamətləri və dəyəri barədə məlumatları tələbində göstərməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, tələb olunan əmlakların özü, özü olmadıqda isə dəyərinin ödənilməsinin tələbinə dair iddialarda əmlakların dəyərinin göstərilməməsi iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləğini də dəqiq müəyyən etməyə imkan verməməkdədir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar