Məhkəmə qərarları › İş №e-2(3-8)-795/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-795/2026

10.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-795/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 75000 manatın cavabdeh Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında qohumluq münasibəti mövcuddur. 2015-ci il tarixində cavabdeh öz qızını oğlu X2 ilə ailə həyatı quracağını bildirərək, ünvan 1 ünvanında yerləşən mənzili ona satmaq barədə razılıq əldə etmişdir. Mənzil faktiki olaraq cavabdehin istifadəsində olmuş, əlillərə verilən mənzillərdən olmuşdur. Lakin cavabdeh bu faktı ondan gizlətmiş, evin onun mülkiyyətində olduğunu demişdir. Satış hüquqi baxımdan rəsmiləşdirilməsə də cavabdeh həmin mənzili faktiki olaraq satmaq niyyətini ifadə etmiş, qarşılıqlı razılıq əsasında mənzilə görə cavabdehə hissə-hissə olmaqla, ümumilikdə 45.000 (qırx beş min) manat pul ödəmişdir. Bu məbləği müxtəlif tarixlərdə nağd qaydada cavabdehə təqdim etmiş və bu barədə tərəflər arasında qarşılıqlı anlaşma olmuşdur. Verdiyi pullarla bağlı cavabdehin səs və mesajları, həmçinin pulu verməyi ilə bağlı şahidləri vardır. Lakin sonradan oğlu Məmmədov Elnur ilə cavabdehin qızı arasında ailə münasibətləri pozulmuşdur. Bu hadisədən sonra cavabdeh oğlunu və ailəsini göstərilən mənzildən çıxarmış, onun öz pulu ilə aldığı evə istifadəsi tamamilə dayandırmış və ona qarşı əsassız olaraq öhdəliyini icra etməmişdir. Beləliklə, cavabdeh iddiaçıya 45.000 manat məbləğində maddi zərər vurmuşdur. Eyni zamanda, oğlunun doğum günü münasibəti ilə 2024-cü ilin aprel ayında onun istifadəsi üçün şəxsi vəsaiti hesabına “BMW” markalı avtomobil (dövlət qeydiyyat nişanı **-VS-***) sifariş etmişdir. Avtomobil 2024-cü ilin iyun ayında ABŞ-dan gətirilmişdir. Cavabdeh isə onlara özünün əlil şəxs olduğunu və avtomobilin onun adına rəsmiləşdirilməsi halında gömrük və digər ödənişlərin daha az olacağını bildirmişdir. Bu səbəbdən avtomobil cavabdeh Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı avtomobilin alınmasına ümumilikdə 30000 manat pul vəsaiti sərf etmişdir. Lakin ailə münasibətləri pozulduqdan sonra cavabdeh onun şəxsi vəsaiti hesabına alınmış avtomobili mənimsəmiş, cavabdeh ona qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Beləliklə, cavabdeh iddiaçının həm 45.000 manat məbləğində mənzilə görə ödədiyi pulu, həm də şəxsi vəsaiti hesabına alınmış “BMW” markalı avtomobili əsassız olaraq öz mülkiyyətində saxlayır. İddiaçı bununla bağlı Sumqayıt ŞPİ-yə ərizə ilə müraciət etmiş, Sumqayıt ŞPİnin 1-ci PB-nin təhqiqatçısı, R X6 ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Maşını almaq üçün ödəniş etdiyi şəxs, araşdırma zamanı izahatı alınan X3 bildirmişdir ki, Cavabdeh tanıyır. Belə ki o, Uğurun oğlu İlhamla sinif yoldaşı olmuşdur. O, özü avtomobil alqı-satqısı ilə fərdi qaydada məşğul olur. 2024-cü ilin aprel- may aylarında İlham ona bildirmişdir ki, yeznəsi Elnur üçün X13 “BMVV 528İ” markalı, 2016-cı il buraxlışlı avtomobil gətirmək istəyirlər. İddiaçı həmin markalı avtomobillərlə maraqlanmış və İlhama bildirmişdir ki, avtomobili aldıqdan sonra iki aya gəlib çıxacaqdır. Həmin şəxs də onunla razılaşmışdır. Həmin vaxt, yəni 2024-cü ilin aprel-may aylarında cavabdeh İlham və İlhamın yeznəsinin atası Saleh adlı şəxslə Sumqayıt şəhəri, S.Vurğun küçəsində, “Məkan” restoranının yaxınlığında görüşmüşdür. Üçü birlikdə olan zaman avtomobili alınması üçün Saleh ona 11000 ABŞ dolları pul vermişdir. Bundan sonra o, avtomobilin gətirilməsini təmin etmiş və 2 aydan sonra avtomobil gəlib çıxmışdır. Qeyd etmişdir ki, həmin avtomobilin pulunu Saleh versə də avtomobil İlhamın atası Uğurun adına sənədləşdirilmişdir. Onu da bildirir ki, araşdırma zamanı izahatı alınan X3, Cavabdeh və qızı Məmmədova İlahə Uğur qızının maşın və evə verdiyi ödənişlərlə bağlı onda səs yazıları da mövcuddur. Beləliklə, cavabdeh iddiaçıya qarşı qanunsuz hərəkətləri ilə mülki hüquq pozuntusuna yol vermiş, onun əmlak maraqlarına və mülki hüquqlarına zərər yetirmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı İddiaçı övladı ilə keçmiş gəlininin səs yazısını əks etdirən disk təqdim etmişdir. Səs yazısı qanuna zidd əldə edilmiş olmaqla, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin təsir dairəsinə düşür. Bundan əlavə cavabdeh Cavabdeh məxsus olduğu iddia edilən səs yazısında, hazırkı iddia tələblərini təsdiq edən hər hansı bir ifadə və ya sübut audioyazının məzmununda öz əksini tapmamışdır. Dindirilmiş şahidlərin ifadələri iddiaçının tələblərini hüquqi baxımdan əsaslandırmır, əksinə, tərəflər arasında iddia edilən məzmunda hər hansı müqavilə və ya pul öhdəliyinin yaranmadığını təsdiq edir. Göründüyü kimi iddiaçının irəli sürülmüş iddia tələbi yalnız formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarətdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbin təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, mənzilə və avtomobilə görə ödədiyi 75000 manat məbləğində pulun cavabdeh Cavabdeh tələb etməyimə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişəm, bununla da MPM-nin 77.1-ci maddəsi ilə üzərimə düşən öz tələbimin əsası kimi istinad etdiyim halları sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Halbuki, qardaşı Məmmədov İlhamla cavabdeh Cavabdeh, eləcə də oğlu Elnurla keçmiş arvadı İlahənin diskə köçürülmüş haqlı olduğunu təsdiq edən bir neçə səs yazısını və təhqiqatçının cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarını məhkəməyə təqdim etmişdir. Vəsatətinə əsasən məhkəməyə dəvət etdiyi Zabil Məmmədov şahid qismində dindirmiş və o, məhkəmədə Uğurun oğlu İlhamla bir yerdə məktəbdə təhsil aldığını, digər tərəfi Uğur vasitəsi ilə tanıdığını, Uğurun oğlu ona Elnura maşın gətizdirmək istədiklərini, o, da buna razılıq verdiyini, belə ki o, xaricdən avtomobilin alınması və gətirilməsi ilə məşğul olduğunu, təxminən bir həftə sonra İlhamla sonradan adının Saleh olduğunu bildiyi şəxs onun yanına gələrək avtomobilin görə razılaşdığı 11000 ABŞ dolları ona ödəməsini, pulu ona Saleh adlı şəxs verməsini bildirmişdir. Məhkəmədə tələblərini əsaslandırıb ətraflı izahat vermişdir. Bu izahat da MPMnin 76.2-ci maddəsinə əsasən sübut növlərinə daxildir. Məhkəmə qətnamənin 12-ci bəndində qeyd edir ki, iddiaçının öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci (sübutların mümkünlüyü) və 89.3-cü (yazılı sübutlar) maddəsinin tələbinə uyğun olmalıdır. İddia tələbi əsassız varlanma nəticəsində cavabdehin ona maddi zərər vurulması ilə bağlı olduğu üçün MPM-nin 80 və 81-ci maddələrinin qarşılıqlı təhlili göstərir ki, məhkəmə MPM-nin 80-cı maddəsinə əsasən işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır sübutları qəbul edir və MPM-nin 76.2-ci maddəsində təsbit olunan bütün sübutetmə vasitələri ilə - yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilə bilər. Normadan görünür ki, sübutların heç birinə, o cümlədən yazılı sübutlara digərlərindən üstünlük verilmir. Onun da məhkəməyə təqdim etdiyim sübutlar MPM-nin 80-cı maddənin tələbinə uyğun işə aid sübutlardır. İşə baxan hakim qətnamənin əsaslandırıcı hissəsində cavabdehdən mənzilə və avtomobilə görə 75000 mant pul tələb etdiyini, tələbin əsaslı olmasını təsdiq edən sübut təqdm edə bilmədiyimi göstərir, lakin hər iki əmlaka görə tələbinin əsaslarını, yəni nəyə görə cavabdehdən mənzilə görə 45000 manat, avtomobilə görə 30000 manat pul tələb etməyinin səbəblərini göstərməmiş və onları təkzib etməmişdir. Yalnız bu əsaslar aydın göstərildikdən sonra təqdim etdiyi sübutların bu əsasları təsdiq edib-etməməsini müəyyən etmək olar. Məhkəmənin qardaşı İlhamla cavabdeh Uğur İsmayılovun səs yazısı ilə bağlı mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh məxsus olduğu iddia edilən səs yazısında, hazırkı iddia tələblərini təsdiq edən hər hansı bir ifadə və ya sübut audio yazının məzmununda öz əksini tapmamışdır. Bu səs yazısına məhkəmə işə baxarkən dinləmiş, səs yazılmış disk də iş materiallarına əlavə edilmişdir. Söhbətə başlayan kimi Uğur qardaşına deyir ki o, pul ölüsü deyil, Saleh evin pulun yarısının yarısını ona verməyib. Qardaşı deyir axı ona dedin evə görə yarısını verib. Uğur deyir heç 20000-də verməyib. Qardaşı deyib sən öz aranızda bir belə pula razılaşmısınız. Uğur deyir o, bu söhbəti bir belə pula bağlamışdır. Qardaşı deyir bir verib, üç verib nə isə deyirsən yarısını verib də, onlar bu söhbətə bir daha niyə qayıdırlar. Uğur da “bəli” deyir. 1 dəqiqə 24 saniyədən ibarət səsə qulaq asıb başqa cür başa düşmək mümkün deyil. Cavabdeh toydan əvvəl 12-ci mikrorayonda sonradan bildiyi əlil kimi ona verilmiş evində Elnurla İlahənin yaşaması üçün evin yarı dəyərinə ona satmasını etiraf edir. Söhbətin əvvəlində isə heç 20000-də vermədiyini dilinə gətirir. Göründüyü Uğurun səs yazısında iddia tələblərini təsdiq edən hər hansı bir ifadə və ya sübut audio yazının məzmununda öz əksini tapmaması Uğurun səsi yazılmış disklə təkzib olunur, iş üzrə həqiqəti əks etdirmir. Uğur maraqlı şəxsdir, pulu qaytarmaq istəmir, yalan danışır, rəsmi sənədlərə hakimin yalan məlumat daxil etməsini isə başa düşmək olmur. Görünür ki, yazdığı yalan məlumat üçün məsuliyyət daşımayacağını bilir. Halbuki bu müvafiq məsuliyyətə səbəb olan bilə-bilə ədalətsiz qətnamə qəbul etmək hesab olunur. Məhkəmənin oğlumla keçmiş gəlinimin səs yazısı ilə bağlı mövqeyinə gəldikdə işə baxan məhkəmə qətnamənin 20-ci bəndinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2021-ci il tarixli qərarının nəticə hissəsini köçürmüşdür. İlk öncə bildirir ki, qətnaməni oxuyarkən məhkəmənin iş üzrə nəticəsi aydın göstərilməli, ondan nəticə çıxarılmamalıdır. İşə baxan məhkəmə qətnamədə ər-arvadın səs yazılarının məzmunu qeyd etməmiş, İlahənin səslərinin onun şəxsi və ailə həyatının sirrini təşkil etməsini, bu səbəbdən şəxsi toxunmazlıq hüququnu pozmasını əsaslandırmamışdır. Məhkəməyə oğlu Elnurla keçmiş arvadı İlahənin diskdə səs yazılarını təqdim etmişdir. Danışıqlar oğlu Elnurla arvadı, cavabdeh Cavabdeh qızı İlahə arasında gedir. 1 səs İlahə deyir atası deyir nə vaxt onlar ona 70 min pul veriblər. Elnur soruşur bəs nə qədər vermişlər, İlahə cavab verir ki, bilmir atası deyir ki bir qisim toyda pul almışdır. Mebelə deyəsən, Elnur bəs nə qədər verdiklərini soruşur, bilmir, atası dedi ki birdə ona deyib ki, (söhbət iddiaçıdan gedir) İlhamın toyunda ondan pul alacaq, o da razılaşdı. İlhamın toyunda da ondan öz pulunu almışdır.70 min nədir. Elnur deyir necə öz pulunu. Onlar o evə pul vermişlər. İlahə cavab verir ki, onlar maksimum o evə 20 min pul veriblər. Elnur deyir elə 20 min onun elə cehizlərin idi. Elnur deyir bəs dədəsi maşın almışdı, o neçəyə idi. 5000 min manat o maşına görə vermişlər. İlahə cavab verir ki, veribsə evin pulundan qalanı verib (Burada İlahə etiraf edir ki, evin satılması ilə bağlı atası ilə iddiaçı arasında razılaşma olub və iddiaçı Uğur istədikcə ona hissə-hissə pul vermişdir). İlahə həmçinin atasının İlhamın toyunda atasından pul götürəcəyini deyib. 2-ci səs Elnur İlahəyə deyir ki, maşını neynəsin, gətirsin? İlahə deyir hə. Elnur deyir maşını neynirsən, maşın sənin, atanın, ananın və qardaşının deyil, öz maşınıdır. Etibarnamə vermələrini tələb edir. İlahə cavab verir bəs deyirdin Elnurun olan əmlak həm də onun idi. Elnur deyir hə də maşını satsın, evlərinin təmirini başa çatdırsın, borcu-xərci var onları bağlasın, rahat nəfəs alsın. İlahə deyir ona inanmır. 3-ci səsdə Elnur deyir ki, özün bilirsən maşın F10 yığılıb. Gündə beh verən zəng edir, ona nə cavab versin. Etibarnaməni versin, maşını satsın da. Satıb borclarını ödəsin, özünə başqa maşın alsın. İlahə deyir atası iki dəfə gedib etibarnamə verməyə. Atasını şəxsən özü dayandırmışdır, getməyə qoymamışdır, demişdir ki, getmə nə sözü varsa ona desin. 4-cü səs Elnur deyir 37 min atası versin, o evidə götürsün, daha o ev ona lazım deyil. İlahə cavab verir ki, birinci 20 min 10 ildir orada yaşayır, ən ucuz kirayə dəyərləndirsə, ikincisi 17 min orada nə iş görmüsdür? Elnur deyir 8500 manat elə ustaya pul vermişdir. İlahə soruşur hansı ustaya? Elnur Kəmaləddin ustaya cavabını verir. Başqa usta gətirsən 1 aya işi qurtarardı, Elnur deyir nə fərqi var bir ay oldu, üç ay oldu. Elnur deyir 17 min bir də 20 min dədəsi hazırlasın, gəlib götürsün. İlahə deyir ona şərt qoymasın, maşını istəyirsə hələ onun qoyduğu şərti yerinə yetirsin. Elnur deyir demirsən gəl yollaşaq, İlahə deyir etibarnaməyə görə zəng eləməmisən, ona inanmıram, dədəsi ilə planlar qurursan. Bir maşının dədəsinin adınadır o gün deyib ki, atası onun arxasına keçəsi deyil, qaytaracaq onu, atası onu verəcək indi ağrıyır, həmin gün doğrudanda ürəyi sancmışdı. 5-ci səs Elnur soruşur ki, 12-i neyləyəcəklər, (söhbət yaşadıqları evdən gedir) İlahə cavab verir 12-də hələ yaşayırlar da. Sözünə davam edir, bilmirəm 12-si neçə vaxtdır onlara niyə dərd olub, dədəsi hər gün onun və atasının baş- beynini aparır o evin etibarnaməsini verin, onun nə işinə nə vaxtsa onu edəcəklər də .Elnur deyir bəs onlar narahat olan kimi öz atası da də narahatdır, bəs evin sənədi ilə maraqlanmasın, bəs yaşadıqları 12 mkr evi kim alıb ona, dədəsi alıb da. İlahə deyir ki, onlar bir evin pulunu vermişlər ki? Onlar atasına evin yarı pulunu vermislər. 6-ci səs Elnur İlahəyə deyir ki, dədən 37 min versin, atası üstünü düzəldib onlara Sumqayıt şəhərinin mərkəzində 3 otaqlı mənzil alacaq. İlahə deyir 37 min nəyə görə. Elnur deyir təmirin pulunu qoyur qırağa, deməyib ki, evin yarı qiymətini vermislər, atan 80 min deyir, yarısını 40 min vermişlər, yaxşı 37 min verməsin 35 min versin, getsin arvadı ilə yaşasın, uşağı ilə yaşasın, kimə verir versin, qızına versin, dədəsi də onun üstünə 100 min pul qoyub onlara ev alacaq. İlahə cavab verir kinayə ilə hə alacaq, dədəsi evi verib də ona. Elnur deyir hanı bu gün dədənin adınadır. İlahə deyir atası evi ona verib də. Elnur deyir evin sənədi yoxdur necə onun adına keçirəcək. Etibarnamə verəcək. Göründüyü kimi ər-arvadın səs yazısında İlahənin şəxsi toxunulmazlıq hüququ pozulmur, əksinə atasının yaşadıqları 12 mikrorayondakı evin qayınatasına satması, evin yarı pulunun almasını, Elnurun yaşadıqları mənzilin təmir etməsini, təmir demək olar ki başa çatdırmasını, mənzilin təmirinə xeyli vəsait sərf etməsini, atasının adına alınmış avtomobilin Elnura məxsus olduğunu, atası onun arxasına keçməyəcəyini, onu Elnura qaytaracağını, atası iki dəfə Elnura avtomaşına etibarnamə vermək üçün getmək istədiyini, onu şəxsən özü dayandırıb getməyə qoymadığını, getmə dediyini, nə sözü var ona deməsini bildirir. İlahənin səsindən məlum olur ki, atası Elnura avtomobilin satılması üçün iki dəfə gedib etibarnamə vermək istəmiş, lakin özü buna mane olduğunu açıq bildirmiş, bununla da ailəsinin dağılmasının səbəbkarı olmuşdur. Nəticədə avtomobil üzərində qanunsuz olaraq mülkiyyət hüququ cavabdehdə saxlanılmış, ailənin dağılmasından sui-istifadə edib cavabdeh mənzilin satışına görə ondan aldığı 45 min manat pulu da ona qaytarmamışdır. Məhkəmə iclasında işə baxan hakimin diskdəki bu səsləri eşidib, cavabdehin 75 min manat əmlakı hesabına əsassız varlanmasını başa düşüb iddianı rədd etməsi, normal ağla sığmır, külli miqdarda pulunun cavabdehdə qalmasına asanlıqla razılaşması qanunları mükəmməl bilməməsi ilə yanaşı onun nə qədər ədalətsiz olduğunu göstərir. İlahənin səs yazısı onun məhkəmə iclasındakı izahatını tamamilə təsdiq edir. Məhkəmə qanunsuz olaraq cavabdehi ifşa edən evin satılmasına görə 45 min manat, BMV markalı avtomobilinin qaytarmadığına görə 30 min manat məbləğində zərər vurmasını təsdiq edən səs yazısını digər sübutlarla məcmu halda qiymət verməmiş, nəticədə məhkəmə sübutetməsinı həyata keçirməmiş, əsassız olaraq iddianı rədd edərək ədalətsiz qətnamə qəbul etmişdir. Qətnamənin 23-cü bəndindən görünür ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, hesab edir ki, dindirilmiş şahidlərin ifadələri iddiaçının tələblərini hüquqi baxımdan əsaslandırmır, əksinə, tərəflər arasında iddia edilən məzmunda hər hansı müqavilə və ya pul öhdəliyinin yaranmadığını təsdiq edir. Məhkəmənin bu nəticəsi şahid Zabil Məmmədovun ifadəsi ilə ziddiyyət təşkil edir. Məhkəmədə şahid kimi dindirilmiş Zabil Məmmədovun ifadəsi işə baxan hakimin şahidlərin ifadəsinə verdiyi qiymətləndirməni təkzib edir, qətnamədə özünün yazdığı ifadə bu qiymətləndirmənin məqsədli və qərəzli olduğunu göstərir və başlıcası işin faktiki hallarına uyğun olmadığını göstərir. Məhkəmənin şahidlərin ifadələri ilə bağlı mövqeyi onun izahatı ilə yanaşı İlahənin səs yasısı və təhqiqatçının çinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Zabilin izahatının məzmunu ilə təkzib olunur. Bir daha məhkəmədə verdiyi izahatda bildirmişdir ki, 2024-ci ilin aprel ayında oğlunun ad günü idi. Elnurun qaynı İlham bildirmişdi ki, onun sinif yoldaşı xaricdən maşınlar gətizdirir və onların alqı-satqısı ilə məşğul olur. O, sinif yoldaşı Zabilə bacısının əri Elnura Amerikadan BMW markalı avtomaşın gətirilməsini xahiş etdi. Zabil ilə görüşüb razılaşıdıqları 11000 ABŞ dolları pulu sayıb Zabilə verib. Zabil həm polisdə təhqiqat araşdırması zamanı, həm də hazırkı mübahisəyə məhkəmədə baxılarkən həqiqəti söyləmiş, İlham ondan yeznəsi üçün Amerikadan BMW markalı maşın gətizdirməsini xahiş etdiyini, maşını gətizdirdikdən sonra İlham İddiaçıla onunla görüşdüyünü, Saleh ona 11000 ABŞ dolları sayıb verdiyini bildirmişdir. Digər şahid isə məhkəmədə əvvəllər Salehə maşın gətizdirmiş, sonra onun oğlu üçün başqa şəxs vasitəsilə maşın gətizdirdiyini eşitmişdir. Göründüyü kimi məhkəmənin şahid ifadəsini qətnamənin təsviri hissəsində yazdığı məzmunu ilə şahid ifadələri ilə bağlı iş üzrə nəticəsi ziddiyyətli olmaqla artıq məqsədli olaraq qərəzli yazdığını demək mümkündür. Cavabdeh Cavabdeh müharibədə bir ayağını itirmiş 1-ci Qarabağ müharibəsi əlilidir. Fiziki imkanlarına görə avtomobili idarə etməsi mümkün deyil, həmin avtomobili almaq maddi imkanına da malik deyil. Cavabdehin oğlu İlhamın iştirakı ilə maşının dəyərini Zabilə ödəmişdir, bu hal da onun İlhama alınmadığını göstərir. Bundan başqa həmin ailənin vasitəsi ilə onu tanıyan, onlara yaxın olan şəxs məhkəmədə şahid kimi dindirilərkən obyektiv ifadə verir, maşının pulunu onun verdiyi bildirir, bundan sonra məhkəmənin iddia tələbinin avtobil hissəsində rədd etməsi qəbul etdiyi qərarın qərəzli və ədalətsiz olduğunu təsdiq edir. Göründüyü kimi məhkəmənin hər iki tələbi üzrə nəticəsi faktlara əsaslanmır, öncə qeyd və məhkəməyə təqdim etdiyimsübutlarla təkzib olunur, həqiqəti əks etdirmir. Bununla da o, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin, ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Məqsədli və qərəzli olaraq mülkiyyət hüquqlarımdan məni məhrum etdiyi üçün tərəflərə bərabər yanaşmamış, bu halda ədalət mühakiməsinin tərəflərin bərabərliyi əsaslnda həyata keçirilməsi barədə ədalət mühakiməsinin prinsiplərini, MPM-nin 9-cu maddəsinin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin qızı ilə onun oğlu evlənmək niyyətində olmuşlar. Evlə bağlı cavabdehlə razılaşmaları olmuşdur. O, obyektini satıb ev alacağını bildirmişdir. Cavabdeh bildirmişdir ki, onun evini 80000 manata evi almaq istəyən olsa da satmamışdır, 100000 manata sata bilər. Sonda elə qərara gəlmişlər ki, 45000 manat o, 45000 manat isə cavabdeh qoysun, övladları həmin evdə yaşasınlar. Cavabdehə hissəhissə 45000 manat vermişdir. Evdə bir müddət yaşadıqdan sonra təmirə ehtiyacının olduğunu bildirmişlər. 45000 manatın bir hissəsini cavabdehin qızına cehiz alması üçün vermiş, qalan məbləği verdikdə bildirmişdir ki, pulun hamısını indi götürsə, xərclənəcək, hissə-hissə versin. Bundan əlavə evin təmiri üçün 6000 manat, oğlunun evi üçün 5000 manat, avtomobil alması üçün 5000 manat, krediti bağlaması üçün 4760 vermişdir, 2018ci ildə oğluna toy edən zaman isə 7000 manat pul vermişdir. Oğlunun toyundan 9 il keçdikdən sonra evin yenidən təmirə ehtiyacı olduğunu bildirmişlər. Cavabdeh isə evin onun adına sənədləşdirilməsini daim yubatmış, o, isə övladlarının yaşadığı ev olduğunu, sənədləşdirmə məsələsində problem yaratmağa ehtiyac olmadığını düşünmüşdür. Evin təmir işlərinə başlanmış, 3-4 aydan sonra cavabdehə bildirmişdir ki, oğluna avtomobil xaricdən avtomobil gətirmək istəyir, o isə oğlunun dostunun bu işlərlə məşğul olduğunu bildirmişdir, 11000 ABŞ dolları cavabdehin oğlunun dostuna avtomobil gətirməsi üçün vermişdir. Avtomobil Azərbaycana gətirildikdən sonra isə onu təmir etdirmiş, sənədləşdrimə işlərini aparmış, oğluna təhvil vermişdir. Avtomobili həmin vaxtdan yalnız oğlu istifadə etmişdir. Evin təmirinin yekunlaşmasın az qalmış pul tükənmiş, gəlini isə oğlunun ona və digər oğluna pul xərcləməsindən şübhələnmişdir. O, isə avtomobili satmağı, əldə olunan pulun bir hissəsini evin təmirinə ayırmağı, bir hissəsi ilə yeni avtomobil almağı təklif etmişdir. Gəlini isə atasının etibarnamə verməsinə imkan verməmiş, münasibətlərində həmin dövrlərdə gərginlik yaranmış, qaynatası oğlunu evdən çıxarmışdır. 2026-cı ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur, hazırda fəaliyyətini dayandırmışdır. Onun özünün evi var. Avtomobili cavabdehin nə özü, nə də oğlu sürmüşdür. Avtomobil barədə cavabdehin onun oğlu etibarnamə verməsi barədə izahatı ilə razıdır, avtomobillərin təmiri üçün etibarnamə vermişdir. Səs yazılarında qarşı tərəfin qızı 20000 manatı və evin yenidən təmirinə xərclənmiş 17000 manatı qəbul etmişdir. 2015ci ildə obyektini 100000 manata satmışdır. Bu isə razılaşmanın olduğu dövrə təsadüf edir. Razılaşma əsasən evin dəyərinin yarısını qarşı tərəfə ödəmiş, lakin evin adına rəsmilədirilməsində çox israrlı olmamış, düşünmüşdür ki, həmin evdə övladları yaşayır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin evinin ona dövlət tərəfindən verildiyini bilməmiş, xüsusi mülkiyyətində olduğunu düşünmüş, etibarnamə ilə öz adına keçirə biləcəyini zənn etmişdir. İddiaçı evə baxış keçirmiş, toydan qabaq evin təmiri üçün 6000 manat pul qoymuşdur. Ümumilikdə evin təmirinə 20000 manat pul xərclənmişdir. Qarşı tərəf isə qızı ilə kürəkəninin həmin mənzildə kirayə yaşadıqlarını iddia etmişdir, hansı ki heç kəs kirayədə qaldığı mənzilin təmirinə o qədər pul xərcləməz. Birinci instansiya məhkəməsi isə təqdim etdikləri sübutlara əhəmiyyət verməmiş, iddia tələbini rədd etmişdir. Avtomobillə bağlı məsələyə gəldikdə isə cavabdeh iddiaçının Amerikadan öz oğluna hədiyyə olaraq avtomobil gətirmək istədiyini bilmiş, oğlunun dostunun bu işlərlə məşğul olduğunu bildirmişdir. Eyni zamanda, cinayət işinin rədd edilməsi barədə qərarda Amerikadan avtomobilin gətirilməsini təmin edən cavabdehin oğlunun dostu izahatında avtomobilin gətirilməsi üçün iddiaçı İddiaçı və cavabdehin oğlunun birlikdə ona pul verməyə gəldiklərini bildirmişdir. İddiaçının oğlu və gəlini arasında olan danışıqlara dair səs yazılarını sübut qismində təqdim etmişlər. Onlar iş üzrə tərəf olmasalar da aralarındakı danışıq şəxsi həyatla bağlı olmamışdır. Odur ki, sübut qismində qiymətləndirilə bilər. Bununla yanaşı, şahid ifadələri var. 45000 manat iddiaçı pul vermiş, cavabdeh isə cehiz əvəzinə evin qalan məbləğini öz öhdəsinə götürmüşdür. Amerikadan avtomobil gətirən adam cavabdehin oğlunun dostu olmuşdur. Həmin şəxs həm təhqiqat, həm də məhkəmə prosesi zamanı eyni cür izahat verərək bildirmişdir ki, avtomobili iddiaçı üçün gətirmişdir. İddiaçının qardaşı və cavabdehin səs yazıları mövcuddur, hazırda cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Səs yazıları ərarvad arasında danışıqları əks etdirir, səs yazısında hamıya məlum olan hallardan söhbət gedir. Odur ki, şəxsiyyət hüquqlarının pozulmasından söhbət gedə bilməz. Səs yazısında cavabdeh iddiaçının ona evin dəyərinin yarısının yarısı həcmində yəni 20000 manat verdiyini bildirir. İddiaçı evin təmirinə 20000 xərc çəkmiş, məhkəmədə iddia qaldırmışlar. İddiaçı 20000 manat evin təmirinə, 30000 manat avtomobilə və 45000 manat evi almağa pul vermişdir, ümumilikdə cavabdehə 95000 manat məbləğində pul vəsaiti vermişdir. Hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh cehizlərin alınması üçün 10000 manat pul vəsaiti vermişdir. İddiaçı qonşusunun 63000 manata evini satdığını, həmin evi almaq istədiyini bildirdikdə cavabdeh ona öz evini almasını təklif etmişdir. Həmin ərəfələrdə öz obyektini 150000 manata satmışdır. 34000 manatı cavabdehə verəndə cavabdeh qəbul etməmiş və hissə-hissə, lazım olduqca verməsini istəmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs evin onun olduğuna inanmışdır. Sonradan evin sosial mənzil olduğunu öyrənmişdir. Avtomobil gömrükdən keçirilib cavabdehin adına rəsmiləşdirildiyi müddətdə sonra ərarvad arasında münasibətlər artıq korlanmışdı, ona görə iddiaçı avtomobili öz adına keçirə bilməmişdir.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildir ki, qarşı tərəf qızını oğluna istəmiş, bildirmiş ki, kirayədə yaşayacaqlar. Lakin razılaşmamışdır, onun evində yaşamalarını təklif etmişdir. Qızı ilə yeznəsi 11 il onun evində yaşamışdırlar. Hazırda ipoteka ilə aldıqları evdə yaşayırlar. Özü 2-ci qrup Qarabağ əlilidir, dövlət tərəfindən ona iki otaqlı 84 kv.m ev verilmişdir. Həmin evin satılmasına icazə yoxdur, təmirə ehtiyacı olmamışdır, onlara hazır təmirli ev verilmişdir. Qarşı tərəfdən pul almamışdır, iddiaçının pul olsa idi, oğluna ev alardı. Avtomobilə gəldikdə isə o, avtomobili özq gətizdirmiş, əlilliyinə görə gömrükdə ona heç bir güzəşt olunmamış, dövlət rüsumunu ödəmiş, avtomobil hazırda onun adınadır. İddiaçının oğluna sadəcə olaraq istifadə etməsi üçün etibarnamə vermişdir ki, oğlu da kürəkəni də avtomobili idarə etmişdirlər. Üç avtomobili var, üçü barəsində də kürəkəninə etibarnamə vermişdir, nə zaman istəsə, hansını istəsə sürə bilir. Səs yazılarının dinləmişdir, kürəkəni qızına avtomobili sataraq evin təmirinin davam etdirilməsi barədə niyyətini bildirmişdir, o, isə bu fikirlə razılaşmamışdır. Qızı ilə kürəkəni arasına bir çox mövzuda söhbət ola bilər, ona məxsus səs yazısı isə ümumiyyətlə yoxdur. İddiaçı digər məhkəmədə evin təmirinə xərclənmiş 20000 manatı tələb edir, indi isə evin ona məxsus olduğunu bildirir. Pulu oğluna vermiş, oğlu da böyük kimi iddiaçı qudası ilə birgə gedib avtomobilin ödənişini etmişdir. İddiaçı avtomobili oğlu üçün gətirmişdisə, o zaman öz adına rəsmiləşdirə bilərdi. Avtomobilin idarə olunması üçün kürəkəninə etibarnamə vermiş, avtomobili idarə etmişdir. Səs yazılarında deyilənləri qəbul etmir, ər-arvad arasında bir çox məsələ ilə bağlı söhbət ola bilər, onlar çox şeydən danışa bilərlər, onların danışdıqlarının ona aidiyyəti yoxdur. Səs yazısında iddiaçının qardaşı ilə tamamilə başqa məsələ barəsində danışmışlar. Səs yazısında deyilənləri qəbul etmir. Səs yazısında yarısının yarısını verməyib deyəndə başqa məsələni nəzərdə tutmuş, iddiaçı ilə aralarında çox məsələlər olmuşdur, səs yazısında hansından bəhs etdiyini xatırlamır. İddiaçının qardaşı ilə söhbəti zamanı qardaşı iddiaçının ona pul verdiyini bildirmiş, o, isə iddiaçının ona heç bir şey vermədiyini demişdir. Kürəkəni qızından avtomobili hansı pulla aldığını soruşmuşdur. Qızı haradan bilə bilər ki, o, avtomobili hansı pulla almışdır. Səs yazılarında deyilənləri qəbul etmir, avtomobili kürəkəninə verməmişdir, vermək istəsə idi, onun adına rəsmiləşdirərdi. Qarşı tərəf ona pul verməmişdir.

İşdə olan sübutlar

13. ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı ##.##.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət edərək, keçmiş qudası Cavabdeh dövlət tərəfindən müharibə veteranlığına görə verilən evini ona satmağı yalan vəd verib aldatmaqla ümumilikdə 44560 manat pulunu ələ keçirməklə dələduzluq etdiyini bildirmişdir. Bundan başqa oğlu Elnur və Uğurun qızı İlahənin boşanmasından sonra oğlu Elnur Məmmədova adlığı **-VS-*** dövlət qeydiyyat nömrə nişanlı, “BMW” markalı, avtomobilin də keçmiş qudası Cavabdeh tərəfindən qanunsuz olaraq etibarnaməsinin ləğv etdirilməsi barədə məlumat verilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərar verilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı onun keçmiş qudasıır. Onun qızı Salehin oğlu ilə 2015-ci ildə evlənmişdir. Həmin vaxt onlar Salehlər birlikdə övladlarının harda yaşaması barədə qərara gələn zaman Saleh kirayə yaşamalarını təklif etmişdir. O, razı olmamış və özünə veteranlığa görə dövlət tərəfindən verilmiş ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili qızına yaşaması üçün verəcəyini bildirmişdir. Həmin evdə 9 il birlikdə yaşamışdırlar. 2024-cü ilin aprel-may aylarında o, özünə X13 avtomobil gətirməyə qərar vermişdir. Bu məqsədlə oğlunun sinif yoldaşı olmuş Zabil adlı şəxsə müraciət etmişdir. Zabilin köməyi ilə “BMVV 528” markalı, **-VS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili gətirmişdir. Həmin avtomobilin sifariş edilməsi, gətirilməsi, gömrük sənədləşməsi onun adınadır, çünki həmin avtomobil onun özünündür. O, ilkin olaraq 11000 ABŞ dolları pulu oğlu İlhama vermişdir ki, tanışı Zabilə versin. İlham da ondan pulu aldıqdan sonra onun keçmiş qudasıyla birlikdə getmişdirlər. Pulu da keçmiş qudası Saleh Zabilə vermişdir. Bundan sonrakı digər xərcləri də o özü ödəmişdir. Həmin avtomobili özünə idarə etmək üçün getirmiş, həmin avtomobilin yeznəsi Elnura heç bir aidiyyəti olmamışdır. Sadəcə avtomobili gətirdikdən sonra yeznəsi Elnura idarə etmək üçün etibarnamə vermişdir. Sonradan 2025-ci ilin oktaybr ayında onun qızı ilə Elnur məhkəmə qaydasında boşanmışdırlar. Həmin vaxtda da onlar mülki mübahisəsi etməyə başlamışdırlar. Buna görə də o, Elnurun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Ona məxsus olan evdən də Elnuru çıxarmışdır. Lakin hazırda onun adına olan yuxarıda qeyd etdiyi avtomobil hazırda Elnurdadır. Bununla bağlı hazırda Sumqayıt Şəhər Məhkəməsində mülki işə baxılır. Verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı götərdikləri həqiqətə uyğun deyil, belə ki, qeyd etdiyi mənzil ona dövlət tərəfindən yaşamaq üçün verilmiş, xüsusi mülkiyyətinə verilməmişdir. Buna görə də mənzili heç kimə sata bilməmişdir. Həmin mənzil ona 2010-2011-ci il tarixlərdə verilmişdir, həmin mənzili sata bilmədiyini o, həmin vaxtdan bilir. Qeyd etmişdir ki, ümumiyyətlə Saleh ona pul verməmişdir, göstərdikləri də yalandır. O, qızı kirayə evlərdə yaşamasın deyə öz mənzilini qızının ailəsinə müvəqqəti olaraq vermişdir. Salehin avtomobilin alınması barədə yalan danışdığını, həmin avtomobilin Elnura heç bir aidiyyəti olmadığını, həmin avtomobili o, özünə gətirmiş, pulunu da oğluna vermişdir ki, Zabilə versin. Onun səhhəti ilə bağlı oğlu İlhamın yanında böyük kimi getməsi üçün Salehlə birlikdə getməsini istəmişdir. Buna görə də oğlu İlham onun verdiyi pulu Salehə vermiş, Saleh də birlikdə olan zaman həmin pulu Zabilə vermişdir. Onun qızından boşandıqdan sonra da etibarnameni ləğv etdirmişdir, çünki Saleh və oğlu Elnur onlarla mülk səbəbindən mübahisə etməyə başlamışdırlar.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, hər iki tərəflə dostluq münasibəti var. Salehin oğlu Elnur Uğurun qızı ilə ailə həyatı qurmuş və Uğura dövlət tərəfindən verilən mənzildə yaşamışlar. Tərəflər arasında olan mənzillə bağlı alqı-satqıdan məlumatsızdır. Avtomobillə bağlı bildirir ki, Saleh ona yaxınlaşaraq oğlu Elnurun ad gününə hədiyyə olaraq avtomobil gətirmək istədiyini və həmin avtomobili onun adına rəsmiləşdirəcəyi barədə məlumat vermişdir. Bundan əvvəl də o, Sumqayıt şəhər qeydiyyatı olduğu üçün Salehə məxsus bir neçə avtomobil onun adına rəsmiləşdirilmişdir. Sonradan avtomobil gələndə bilmişdir ki, maşın Uğurun adına qeydiyyata alınıb. Hesab edir ki, hazırki mübahisə onların övladlarının ailələrinin dağılmasından irəli gəlir. O, bir neçə dəfə ailəni barışdırmağa cəhd göstərsə də, barışdıra bilməmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, Uğurun oğlu İlhamla bir yerdə məktəbdə təhsil almışlar. Digər tərəfi Uğur vasitəsi ilə tanımışdır. Uğurun oğlu ona Elnura maşın gətizdirmək istədiklərini bildirmişdir. O, da buna razılıq vermişdir. Belə ki o, xaricdən avtomobilin alınması və gətirilməsi ilə məşğul olur. Təxminən bir həftə sonra İlhamla sonradan adın Saleh olduğunu bildiyi şəxs onun yanına gələrək avtomobilin ilkin alış məbləğini ona ödəmişlər. Pulu ona Saleh adlı şəxs vermişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respbulikasının Mülki Məcəlləsi

403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşmaqla yanaşı qeyd edir ki, iddiaçının oğlu ilə cavabdehin qızı arasında, o cümlədən cavabdehin başqa şəxlə olan danışıqlarının səs yazısının hazırkı mübahisə üzrə sübut qismində qiymətləndirilməsi yolverilməz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2021-ci il tarixli qərarında göstərmişdir ki, məhz başqa şəxslərlə deyil, mübahisə üzrə tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

22. Bundan başqa məhkəmə məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı qismində cavabdehin istifadəsinə və sahibliyinə verilmiş xüsusi təyinatlı mənzil fonduna aid olan mənzilin satılması ilə əlaqədar olaraq, 10 il əvvəl iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə pul verməsi və keçən 10 il ərzində iddiaçının həmin mənzilin xüsusi təyinatlı mənzil fonduna aid olmasını bilməməsi və qeyd olunan müddət ərzində pulunu geri istəməməsi halı da ağılabatan və inandırıcı olmamışdır.

23. Məhkəmə kollegiyası avtomobilə görə verilmiş pul tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçının iddiasına əsasən cavabdeh onun tapşrığına əsasən, oğlu üçün X13 “BMW” markalı avtonəqliyyat vasitəsinin alınaraq gətirilməsini öhdəsinə götürmüş, işin mübahisəsiz halı qismində isə cavabdeh tərəfindən avtomobil başqa şəxsin vasitəsi ilə alınaraq ölkəyə gətirilmiş və etibarnamə əsasında iddiaçının oğlunun istifadəsinə və sahibliyinə verilmişdir. Həmçinin iddiaçının iddiasına əsasən oğlu avtomobilin cavabdehin mülkiyyətində qalmasına etiraz etməmişdir. İddiaçının qeyd edilən iddia tələbinin əsasının hüquqi təhlili onu deməyə əsas verir ki, iddiaçının bağladığını iddia etdiyi tapşırıq müqaviləsi üçüncü şəxsin, yəni oğlunun xeyrinə bağlanmış müqavilə olmuşdur. Avtomobilin iddiaçının oğlunun istifadəsinə və sahibliyinə verilməsi, o cümlədən avtomobilin hər hansı bir səbəbdən cavabdehin mülkiyyətində qalmasına razılığının olması halında müqavilənin icrası və ya müqavilənin icrasından yaranan zərərin tələb edilməsi hüququ da üçüncü şəxsə, yəni iddiaçının oğluna məxsus olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallar təsdiq olunduğu halda belə qeyd olunan tələbi irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və qanuni olmuşdur.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar