Məhkəmə qərarları › İş №e-2(3-9)-811/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-811/2026

16.07.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-811/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mediasiya prosesi nəticəsində İddiaçı və Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Şirvan şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı təkrar ##.##.2026-cı il tarixdə məhkəməyə eyni məzmunlu və eyni nöqsanlı iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Aydan Məmmədli) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Qərardaddan ərizəçi İddiaçı şikayət verərək qərardadın ləğv edilməsinə və ərizənin məhkəmə icraatının mümkün hesab edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə ərizə məhkəməyə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş və həmin sistemin texniki parametrləri ərizənin “xüsusi icraat” növündə seçilməsinə imkan verməmişdir. Məhkəmə hazırkı qərardadı qəbul etməklə məhkəmə müdafiəsi hüququnun realizəsi üçün yaradılmış mexanizmlərdəki çatışmazlıqları heç bir əsas olmadığı halda ziyanına şərh etmiş, nəticədə onu AR Konstitusiyası ilə tanınan hüquqi müdafiə təminatlarından məhrum etmişdir. Bundan başqa, ərizənin mahiyyətindən də görünür ki, ərizə məhkəməyə “xüsusi icraat işinə dair ərizə” başlığı ilə və tərəflərin prosessual statusları “ərizəçi” və “maraqlı şəxs” olaraq göstərilməklə verilmişdir. Göründüyü kimi, hazırkı qərardad hədsiz formallıqla məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Dövlət rüsumunun ödənilməməsi barədə məhkəmənin gəldiyi nəticəyə tənqidi yanaşaraq qeyd edir ki, “Elektron məhkəmə informasiya sistemi” eyni hökumət ödəniş portalı nömrəsi ilə iki fərqli ərizənin məhkəməyə göndərilməsinə icazə vermir. Lakin hazırkı vəziyyətdə isə ödənilən dövlət rüsumu ona qaytarılmadığı və birinci ərizə mahiyyəti üzrə baxılmadığı üçün sistem əvvəlki ərizənin verilməsi üçün dövlət rüsumunu “artıq istifadə edilmiş rüsum” kimi qiymətləndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin prosessual statuslarının seçilməsi baxımından “Elektron məhkəmə informasiya sistemi”ndəki məhdudiyyətləri də, dövlət rüsumunun ödənilməsindəki imkanları da ziyanına şərh etmişdir. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iddia ərizəsini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-in 12-23-cü fəsilləri) mövcuddur. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-in 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İş materiallarından görünür ki, məhkəməyə ünvanlanan müvafiq müraciət iddia icraatı qaydasında verilmişdir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Qanunverciliyin tələbindən göründüyü kimi iddiaçı və cavabdeh xüsusi icraatda deyil, iddia icraatı qaydasında iddiaçının verdiyi tələblər üzrə baxılan işlərdə iştirak edirlər. Xüsusi icraatda proses iştirakçılarının iddiaçı və cavabdeh qismində göstərilməsi ərizənin forma və məzmununa uyğun deyildir. İddiaçı şikayətində bildirmişdir ki, ərizə məhkəməyə "xüsusi icraat işinə dair ərizə" başlığı ilə təqdim edilmiş, tərəflərin prosessual statusları isə "ərizəçi" və "maraqlı şəxs" kimi göstərilmişdir. Lakin iş materiallarında olan ərizədən görünür ki, elektron müraciətdə proses iştirakçıları iddiaçı və cavabdeh kimi göstərilmişdir. Halbuki MPM-in 305.1.17-ci və 306.2-ci maddələrinin tələblərinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlər xüsusi icraat qaydasında baxılır və həmin işlər üzrə proses iştirakçıları ərizəçi və maraqlı şəxs hesab olunurlar. İddiaçı elektron məhkəmə informasiya sisteminin texniki imkanlarının müraciətin xüsusi icraat qaydasında təqdim edilməsinə şərait yaratmadığını bildirsə də, elektron sistemdə hər hansı texniki məhdudiyyətin mövcud olması ehtimal edilsə belə, həmin hal prosessual qanunvericiliyin imperativ tələblərinə riayət edilməməsinə əsas verə bilməz. Məhkəmə prosessual sənədləri onların hüquqi mahiyyətinə və qanunun tələblərinə uyğun qiymətləndirməlidir. Elektron sistemdə yaranmış texniki çətinliklər prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmun tələblərini aradan qaldırmır və məhkəmənin həmin tələblərə məhəl qoymaması üçün əsas yarada bilməz. Həmçinin ərizəçi həqiqətən də elektron sistemin texniki imkanlarının müraciətin qanunvericiliyin tələblərinə uyğun təqdim edilməsinə mane olduğunu hesab edirdisə, həmin çatışmazlığın aradan qaldırılması və ya müraciətin qəbulunun təmin edilməsi məqsədilə aidiyyəti orqana və ya məhkəməyə müvafiq qaydada müraciət edə bilərdi. Lakin iş materiallarında ərizəçinin bu istiqamətdə hər hansı müraciət etməsini təsdiq edən sübut mövcud deyildir. Bu səbəbdən, sonradan elektron sistemdə mövcud olduğu iddia edilən texniki məhdudiyyətlərə istinad etməsi prosessual tələblərə əməl edilməməsinə haqq qazandırmamaqla məhkəmənin qərardadının qanuniliyini şübhə altına almır. İddiaçı şikayətində dövlət rüsumunun əvvəlki müraciət üzrə ödənildiyini və elektron məhkəmə informasiya sisteminin eyni ödəniş sənədindən təkrar istifadə etməyə imkan vermədiyini göstərmişdir. Lakin həmin dəlil əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə ##.##.2026cı il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması ilə yanaşı, ##.##.2026-cı il tarixli ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun ərizəçiyə geri qaytarılması da qərara alınmışdır. Dövlət rüsumunun geri qaytarılması barədə məhkəmə qərardadı mövcud olduğu halda, ərizəçi həmin qərardadın icrasını təmin etməli, yəni dövlət rüsumunu qanunvericiliklə müəyyən edilmiş qaydada geri alaraq yeni müraciət təqdim edilərkən dövlət rüsumunu yenidən ödəməli idi. Ərizəyə əvvəlki müraciət üzrə istifadə edilmiş ödəniş sənədinin əlavə edilməsi dövlət rüsumunun hazırkı ərizə üzrə ödənilməsi faktını təsdiq edə bilməz. Əgər dövlət rüsumu faktiki olaraq ərizəçiyə qaytarılmamışdırsa, bu hal da onu yeni müraciət üzrə dövlət rüsumu ödəmək vəzifəsindən azad etmir. Belə olan halda ərizəçi dövlət rüsumunun geri qaytarılması barədə qəbul edilmiş məhkəmə qərardadının icrası ilə bağlı müvafiq qaydada səlahiyyətli orqana müraciət edə və ya dövlət rüsumunun qaytarılmasını tələb edə bilərdi. Buna görə də, birinci instansiya məhkəməsi hazırkı ərizəyə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə tərkibi hesab edir ki, iddiaçı İddiaçı hazırkı şikayətində qeyd etdiyi xüsusatlar da Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddan kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar