Məhkəmə qərarları › İş №e-2(5-102)-68/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-102)-68/2026

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-102)-68/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia əriəzsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(101)-1408/2021 saylı hökmün surətindən belə məlum olur ki, həmin hökmlə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha həyətyani torpaq sahəsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilmişdir. İddiaçı həmin əmlakların geri qaytarılması və əvvəlki hüquqi vəziyyətinin bərpa olunması barədə tələb irəli sürmüşdür. AR Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hakim qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququq geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun AR CPM-nin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun AR CPM-nin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən şikayət hər bir şəxs o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış bir tərəfdən hüquqlarının pozulması dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Hakim qeyd edir ki, cinayət təqibi həyata keçirilən dövrdə mübahisələndirmə olmaqdıqda üzərinə həbs qoyulan əmlakların hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qiymətləndirmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirməyə yol verilmir. Belə ki, AR CPM-nin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir. Hökmlə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olmuş və üzərinə ibtidai istintaq müddətində həbs qoyulmuş əmlaklar dövlət nəfinə müsadirə olunmuşdur. Göründüyü kimi iddiaçının hazırki iddiada irəli sürdüyü dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Odur ki, onların təkrarən mülki mühakimə icraatında mübahisləndirilməsinə yol verilmir. Eyni zamanda hakim qeyd ki, iddiaçının cinayət mühakimə icraatında qəbul edilən qərarlardan müvafiq olaraq şikayət vermək hüququ da vardır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü tarixli Qərarında da izah olunmuşdur ki, … hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olan ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Qeyd olunanları nəzərə alaraq hakim hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hakim həmçinin izah edir ki, iddiaçı göstərilən məsələyə dair cinayət mühakiməsi icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 153.2.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından yolverilməz hesab edilməklə icraata qəbulundan imtina edilsin və iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən məsələyə dair cinayət mühakiməsi icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar