Məhkəmə qərarları › İş №e-2(5-103)-136/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-136/2026

21.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-136/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmməd Məmmədov Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00713 nömrəli barışıq sazişinin təsdiq edilməs və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və Maraqlı şəxs aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı şəhəri 10 saylı Mediasiya təşkilatına müraciət etmişlər. Mediatorun iştirakı ilə keçirilən mediasiya prosesi nəticəsində onlar arasında razılıq əldə olunmuş və xx.xx.2025-ci il tarixli MŞB/10/2025-0073 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişi ilə birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs əmək haqqının və digər gəlirlərin 90 (doxsan) faizi məbləğində vəsaitin xx.xx.2026-cı il taixindən etibarən hər ayın 1-dən 5-nə kimi olan müddətdə ana Ərizəçi məxsus bank hesabına köçürülməsi razılaşdırılmışdır. Lakin Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək xx.xx.2026-cı il tarixinədək alimentin ödənilməsini təmin etməmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi ərizəsi ilə tanış olduğunu və ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

4. Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00713 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1. Birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X11,xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs əmək haqqının və digər gəlirlərin 90 (doxsan) faizi məbləğində vəsaitin xx.xx.2026-cı il taixindən etibarən hər ayın 1-dən 5-nə kimi ana Ərizəçi aid bank hesabına köçürsün”.

5. Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 104 nömrə ilə qeyd edilmişdir.

6. Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 105 nömrə ilə qeyd edilmişdir.

7. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Maraqlı şəxs, anası Ərizəçi Sahin qızı) xx.xx.2016-cı il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixində 624 nömrə ilə qeyd edilmişdir.

8. Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikaha Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-cü il tarixdə 37 nömrə ilə qeyd edilmişdir.

9. Məcburi köçkün vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə verilmiş AA seriyalı 309914 nömrəli Məcburi köçkün vəsiqəsi X7 məxsusdur.

İşin faktiki halları.

10. Tərəflər arasında bağlanmış nikah Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

11. Ərizəçi və Maraqlı şəxs birgə nikahından üç uşaq, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 doğulmuşdur.

12. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində onlar arasında xx.xx.2025-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişlə tərəflər birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X11,xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs əmək haqqının və digər gəlirlərinin 90 faiz məbləğində vəsaitin xx.xx.2026-cı il tarixindən etibarən hər ayın 1-dən 5-i tarixinə kimi Ərizəçi aid bank hesab kartına köçürülməsinə dair razılığa gəlmişlər.

Tətbiq edilən hüquq.

13. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi.

Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir.

15. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00713 nömrəli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən könüllü olaraq Maraqlı şəxs tərəfindən 2026-cı ilin yanvar ayının 1-dən 5ə kimi alimentin ödənilməsi təmin edilməli idi. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Yuxarıda istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

17. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2025-ci il tarixdə bağlandığını, Maraqlı şəxs tərəfindən alimentin 2026-cı ilin yanvar ayının 1-dən 5-ə kimi ödəməli olması nəzərə alınsa, könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi barışıq sazişinin məcburi icrası üçün sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

18. Ərizəçinin təsdiq edilməsini xahiş etdiyi barışıq sazişinə əsasən, Maraqlı şəxs ərizəçi ilə birgə nikahından doğulan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əmək haqqının və digər gəlirlərinin 90 faiz məbləğində vəsaitin xx.xx.2026-cı il tarixindən etibarən hər ayın 1-dən 5-nə kimi Ərizəçi aid bank hesab kartına köçürülməsinə dair öhdəlik götürmüşdür.

19. Məhkəmə araşdırması nəticəsində sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması və qanunazidd olması müəyyən edilməmişdir.

20. Ərizəçi tərəfindən geri qaytarılması tələb edilən rüsumla bağlı məhkəmə qeyd edir ki, istər məhkəməyə təqdim edilmiş iş materiallarından, istərsə də barışıq sazişinin mətnindən 100 manat məbləğində rüsumun ödənilməsi müəyyən edilmir. Ərizəçi rüsumun ödənilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda rüsumun geri qaytarılması haqqında ərizəçinin tələbi əsassız hesab edilməlidr. Azərbaycan Rspublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, həmin saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir.

Məhkəmə xərcləri.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi və maraqlı şəxs məcburi köçkün olduqları üçün dövət rüsumunun ödənilməsindən azaddırlar.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-cü il tarixli MŞB/10/205-00713 saylı barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə qaytarılması hissəsində isə təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs İnqilab oğlu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00713 nömrəli barışıq sazişi təsdiq edilsin: “Tərəflər (Ərizəçi və Maraqlı şəxs) razılığa gəldilər ki, birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ata Maraqlı şəxs əmək haqqının və digər gəlirlərinin 90 faiz məbləğində vəsaitin xx.xx.2026-cı il tarixindən etibarən hər ayın 1-dən 5-i tarixinə kimi Ərizəçi aid bank hesab kartına köçürülsün”. Ərizə mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsi hissəsində təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar