Məhkəmə qərarları › İş №e-2(5-103)-264/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-103)-264/2026

05.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-103)-264/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/010/2025-00621 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin mediasiya vasitəsi ilə həlli üçün Bakı şəhəri 10 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 10 saylı Mediasiya təşkilatının mediatoru X7 mediatorluğu ilə keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00621 saylı "Barışıq Sazişi" hazırlanaraq hər iki tərəfin iştirakı ilə imzalanmışdır. Qeyd olunan xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00621 saylı "Barışıq Sazişi"-dən görünür ki, təfələr yəni Ərizəçi və Maraqlı şəxs aşağıda göstərilən şərtlər əsasında razılaşdırlar: 1. Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış 306 nömrəli nikahın pozulmasına razıdırlar. 2. Maraqlı şəxs bəyan edirki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016- cı il təvəllüdlü X4 Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. 3. Maraqlı şəxs bəyan edirki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün bir uşağa görə 1000 (bir min) manat ümumilikdə isə iki uşağa görə 2000 (iki min) manat aliment ödəməyə razıdır və həmin məbləği 2025-ci ilin noyabr ayının 5-dən başlayaraq hər ayın 5-də uşaqların anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. 4. Maraqlı şəxs öhdəsinə götürürki, öz şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, bina 42, blok 2, 9-cu mərtəbə, mənzil 145-də yerləşən 3 (üç) otaq, 1 mətbəx, 1 sanitar qovşağı, 2 balkonu və ümumi sahəsi 120.4 kv. metr olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixdə verilən çıxarış və qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakı Ərizəçi xeyrinə özgəninkiləşdirəcəkdir. xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00621 saylı "Barışıq Sazişi"-nin şərtlərinə uyğun olaraq Maraqlı şəxs tərəfindən hər hansı addım atılmamışdır. Bu səbəbdən hesab edir ki, sözügedən "Barışıq Sazişin"-nin müvafiq məhkəmə aktı ilə təsdiq edilməsinə zərurət yaranıb. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı, 408443 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Maraqlı şəxs və X12 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 396 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı, 436966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, 744549 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2025-ci il tarixli, MŞB/010/2025-00621 nömrəli barışıq sazişi bağlanmışdır: “ 1. Ərizəçi və Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış 306 nömrəli nikahın pozulmasına razıdırlar.

2. Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 Ərizəçi himayəsinə verilməsinə etiraz etmir.

3. Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün bir uşağa görə 1000 (bir min) manat, ümumilikdə isə iki uşağa görə 2000 (iki min) manat aliment ödəməyə razıdır və həmin məbləği 2025-ci ilin noyabr ayının 5-dən başlayaraq, hər ayın 5-də uşaqların anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.

4. Maraqlı şəxs öhdəsinə götürür ki, öz şəxsi mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, bina 42, blok 2, 9-cu mərtəbə, mənzil 145-də yerləşən, 3 (üç) otaqlı, 1 mətbəx, 1 sanitar qovşağı, 2 balkonu olan, ümumi sahəsi 120.4 kv.metr olan Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixdə verilən çıxarış və qeydiyyat nömrəsi ********** olan daşınmz əmlakı Ərizəçi adına özgəninkiləşdirəcəkdir”. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçinin nümayəndəsi (vəkili) tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçilər mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdirlər.

Tətbiq edilən hüquq

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalmasının müəyyən edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan aliment tutulması və daşınmaz əmlakın ərizəçinin adına rəsmiləşdirilməsi barədə razılıq əldə edilmişdir. Sazişin 3-cü bəndi ilə Maraqlı şəxs Ərizəçi ilə birgə nikah münasibətlərindən doğulan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilsə də, razılaşdırılmış qaydada aliment məbləği ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin mahiyyəti isə ondan ibarətdir ki, bu saziş tərəflər arasında yaranmış, məhkəmə müstəvisinə təqdim etmə imkanı mövcud olan mübahisəli hüquq münasibətlərinin həlli barədə məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı əsasında bağlanır və bağlandığı andan sazişin tərəfləri üçün icrası məcburi olan hüquq və öhdəliklər meydana gətirir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində barışıq sazişinə verilən anlayışa əsasən, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma kimi təsbit edilmişdir. Qanunvericiliklə bir sıra hallarda mediasiya prosesi nəticəsində bağlanmış, tərəflərin hüquq və vəzifələrini müəyyən edən və etibarlı hüquqi nəticələrə səbəb olan yazılı razılaşma kimi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi imkanı nəzərdə tutulmuş və bu imkan bir sıra şərtlərin eyni anda mövcudluğundan asılı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Müvafiq prosessual hüquq normasının tələblərindən göründüyü kimi qanunla iki halda məhkəmələrə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi imkanı verilmişdir – 1) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya 2) barışıq sazişinin könüllü icrasından imtina olunduqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından imtina dedikdə isə tərəflərin barışıq sazişi ilə öz üzərlərinə götürdükləri öhdəlikləri şəxsi seçim əsasında icra etməmələri və bu icradan könüllü şəkildə yayınmaları başa düşülür. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımı qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Baxılan iş üzrə tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərindən görünür ki, sazişin müvafiq olaraq İİİ və İV bəndləri maraqlı şəxs tərəfindən icra edilməli hərəkətləri nəzərdə tutsa da, sazişin İ və İİ bəndi maraqlı şəxs tərəfindən bu və ya digər hərəkətin edilməsini nəzərdə tutmamaqla, yalnız maraqlı şəxsin nikahın pozulması və nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmasına dair razılığını şərtləndirir. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin İ və İİ bəndləri tərəflər üçün icrası məcburi olan öhdəliklər meydana gətirməməklə, maraqlı şəxsin mübahisəli hüquq münasibətlərinə dair müvafiq razılığını ehtiva edir. Belə olan halda, barışıq sazişinin qeyd edilən bəndlərinin təsdiq edilməsi qanunla nəzərdə tutulmuş hüquqi zərurətdən irəli gəlmir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin üçüncü və dördüncü bəndlərinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndləri məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.

Məhkəmə xərcləri

İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/010/2025-00621 nömrəli barışıq sazişinin üçüncü və dördüncü bəndi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/010/2025-00621 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin:

“... 3. Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün bir uşağa görə 1000 (bir min) manat, ümumilikdə isə iki uşağa görə 2000 (iki min) manat aliment ödəməyə razıdır və həmin məbləği 2025-ci ilin noyabr ayının 5-dən başlayaraq hər ayın 5-də uşaqların anası Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.

4. Maraqlı şəxs öhdəsinə götürür ki, öz şəxsi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, bina 42, blok 2, 9-cu mərtəbə, mənzil 145-də yerləşən, 3 (üç) otaq, 1 mətbəx, 1 sanitar qovşağı, 2 balkonu olan, ümumi sahəsi 120.4 kv.metr olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixdə verilən çıxarış və qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakı Ərizəçi xeyrinə özgəninkiləşdirəcəkdir.”

Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar