Məhkəmə qərarları › İş №e-2(5-104)-1145/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-104)-1145/2026

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(5-104)-1145/2026 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddianın icraata qəbulundan imtina) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən binanın fasadında quraşdırılmış kondisionerin sökülməsi, cavabdehdən iddiaçının xeyrinə 1378,50 manat maddi ziyan və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

3. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.

5. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

6. Hazırkı iddia ərizəsi isə cavabdeh vəfat etdikdən sonra – xx.xx.2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir.

7. Göründüyü kimi, iddia ərizəsi verilərkən cavabdeh kimi göstərilən Cavabdeh artıq vəfat etmiş və iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Buna görə də cavabdeh kimi göstərilmiş Cavabdeh tərəf kimi qəbul edilə bilməz.

8. Məhkəmədə iddia icraatı qaydasında mülki icraat açılması üçün isə mütləq ilkin şərt tərəflərin – iddiaçı və cavabdehin olmasıdır.

9. MPM-in 50.3-cü maddəsinin tələbinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Fiziki şəxs isə Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən, hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi fiziki şəxsdir.

10. Odur ki, iş üzrə cavabdeh tərəf olmadığından, dolayısı ilə mübahisə mövcud olmadığından işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.

11. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 66,50 manat məbləğdə dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar