Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-881/2026 19.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş (açar sözlər: sığorta müqaviləsi) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1045,5 manat məbləğində vəsaitin, 30,46 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində 99PK636 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 99PK636 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı həmin avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən T166PA11 dövlət qeydiyyat nişanlı LADA markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. 99PK636 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət edilmişdir. Həmin avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1045,5 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 1045,5 manat məbləğində sığorta ödənişi “X2” MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Toyota Camry” markalı, ** PK *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1045,50 manat zərər məbləği “X2” MMC-nin hesabına köçürülmüşdür.
5. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 133642 saylı zərərdəymiş avto nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Toyota Camry” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 1045,50 manat müəyyən edilmişdir.
6. xx.xx.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağayev X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
7. Qaradağ RPİ DYPŞ-nin xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.
8. C-Mİ-1721/21 saylı Avtonəqliyyat vasitələrinin sığorta Şəhadətnaməsinə əsasən “Toyota Camry” markalı, ** PK *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 40,800 manat dəyərində sığorta olunmuşdur.
9. 02.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X2” MMC -nin hesabına 1045,50 manat məbləğində vəsait köçürülmüşdür.
10. Sığorta hadisəsi hesab edilən halın təfərruatları barədə arayışın surətinə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində “Lada” minik markalı, T166PA11 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən həyata keçirilən 1045,50 manat sığorta ödənişinin 15 təqvim günü ərzində iddiaçıya qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. - ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 23 sentyabr 2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 25-ci maddəsinə əsasən Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, “X2” MMC-nin mülkiyyətində olan “Toyota Camry” minik markalı, ** PK *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də tam (kasko) sığortalayaraq, avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsi əldə etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 13:30-da Lökbatan qəsəbəsi ərazisində “Lada” minik markalı, T166PA11 dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Toyota Camry” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma,əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə,yolayrıcını keçmə qaydalarının pozulmasına,ümumi istifadədə olan nəqliyyat vasitələrinin,yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə,yaxud maneəni kənardan keçməyə görə) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə nəticəsində sonuncu avtomobilə 1045,5 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı “Toyota Camry” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 1045,5 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh 1045,5 manat məbləğində pulun subroqasiya qaydasında tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
16. Belə ki, Toyota Camry” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil kasko sığorta qaydasında sığortalandığından və cavabdehin yol-nəqliyyat hadisənin törədilməsində təqsiri müəyyən edildiyindən baş vermiş sığorta hadisəsi nəticəsində sığortaçı "xxxx" ASC-nin subroqasiya qaydasında ödədiyi 1045,50 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, iddia tələbi təmin edilərək, cavabdehdən 1045,50 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə xidmət haqqı daxil olmaqla ödənilmiş 30,86 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1045,50 manat məbləğində vurulmuş zərər və 30,86 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1076,36 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil