Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(5-105)-1190/2026 16.03.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ iddiaçı Abşeron Su X2 İdarəsi publik hüquqi şəxsin cavabdeh X4 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, ərazi aidiyyəti) X7 Muxtar oğlunun sədrliyi ilə, iddiaçı Abşeron Su X2 İdarəsi publik hüquqi şəxsin cavabdeh X4 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 702.50 manat borcun (abonent kodu:**********152) və 30 manat dövlət rüsumunun tutularaq Abşeron Su X2 idarəsi publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
4. Qanunun qeyd edilən tələblərindən görünür ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının seçiminə görə aidyyət qaydalarına görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
6. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanununda verilən anlayışa əsasən, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsxdir. Odur ki, hazırki iş üzrə iddiaçının iddia ərizəsində aidiyyətlə bağlı əsaslandığı yanaşma ağlabatan hesab edilmir.
7. “Elektron məhkəmə” informasiya sistemindən hazırkı iş üzrə cavabdehə dair şəxsi məlumat qrafasından əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadır.
8. Həmçinin məhkəmə qeyd edir ki, ərizəyə qanunla müəyyən edilmiş məbləğdə və qaydada rüsumun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməmişdir ki, bu hal da ərizənin qaytarılması üçün əsasdır.
9. Göründüyü kimi, cavabdehin rəsmi qeydə alındığı yer Abşeron Rayonu olmadığından, məhkəmə də hazırkı halda bu işə baxmağa səlahiyyətli deyil.
10. Odur ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Abşeron Su X2 İdarəsi publik hüquqi şəxsin cavabdeh X4 qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Abşeron Su X2 İdarəsi publik hüquqi şəxsinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Məhəmməd Eminbəyli