Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(5-137)-51/2026 12.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X6 13 iyul 2006-ci il tarixdə elektirik cərəyanı vurması nəticəsində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinin 08 sentiyabr 1986-ci il tarixdə doğulmuş X10 adlı qardaşı elektrik vurması nəticəsində 13 iyul 2006-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşının ölüm haqqında şəhadətnaməsi ərizəçiyə birgə mükliyyətə verilmiş torpağı alqı-satqı etmək üçün ehtiyac oldu, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün sənədləşdirmə aparmaq mümkün olmadı. Ölüm haqqında şəhadətnaməni almaq üçün aidiyyəti orqana ərizə ilə müraciət etmişdir. Lakin, Qəbələ Regional ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsi 17 dekabr 2025-ci il tarixli, 3-16-5/8-15- 1066/25 saylı məktubu ilə cavab olaraq bildirmişdir ki, mərhum X6 ölümü haqqında heç bir akt qeydi aşkar edilməmişdir və ərizəçiyə, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Maraqlı şəxs Qəbələ regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Bədrəddinov Anarla bir kənddə yaşamış, kəndli olmuşlar. Bədrəddinov Anar 2006-cı ildə elektrik cərəyanı vurması səbəbilə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Bədrəddinov Anarla eyni kənddə yaşamış, qonşu olmuşlar. Özünü çoxdan tanıyırdı. Vəfat etdiyi tarixi bilmir, amma dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Bədrəddinov Anarla bir kənddə yaşamışdır. Dəfnində də iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 16 sentyabr 1986-cı il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 08 sentyabr 1986-cı il tarixdə Qəbələ rayonu, Beyli kəndində anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan Qəbələ regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2025-ci il tarixli, 3-16-5/8-15-1066/2025 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu qeydiyyat şöbəsi və Qəbələ rayon Beyli kənd icra nümayəndəliyinin 2003-2009-cu illərə dair arxiv kitabları yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. X6 ölüm haqqında akt qeydi aşkar edilmədiyinə və ölüm haqqında akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsaslar olmadığına görə ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Beyli kənd sakinləri tərəfindən tərtib edilmiş və Beyli kənd İƏN-si tərəfindən təsdiq edilmiş aktdan müəyyən edilir ki, X1 doğulub, 13 iyul 2006-cı il tarixdə vəfat etmiş, Qəbələ rayonu, Beyli kənd qəbirstanlığında dəfn olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi Qəbələ regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciət etmişdir. Lakin ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi qardaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 13 iyul 2006-cı il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində mərhum X6 cərəyan vurması nəticəsində ölməsini qeyd etsə də, buna dair sübut təqdim etmədiyindən məhkəmə ərizəninin mərhum X6 cərəyan vurması nəticəsində ölməsi hissəsində təmin edilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qardaşı xx.xx.1986-cı il təvəllüdlü X10 13 iyul 2006-cı il tarixdə vəfat etmiş və Beyli kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. 08 sentyabr 1986-cı il tarixdə Qəbələ rayonu Beyli kəndində doğulmuş X6 13 iyul 2006cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №e-2(5-137)-51/2026
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-137)-51/2026
12.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver