Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(5-160)-6/2026 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlaklarda onun ½ hissə payı olması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 29 mart 1988-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikah dövründə Şirvan şəhəri X1 küçəsi 1/134 ünvanda yerləşən qeyri-yaşayış binası almışlar və xx.xx.2006-cı ildə cavabdehin adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. xx.xx.2008-ci ildə ünvan 2 ünvanda qeyri-yaşayış binası almışlar və cavabdehin adına mülkiyyətə dair çıxarış almışlar. xx.xx.2014-cü ildə ünvan 3 ünvanda yerləşən 0,062 ha torpaq sahəsi cavabdehin adına mülkiyyətə dair çıxarış almışıq. 4) xx.xx.2014-cü il tarixdə Şirvan şəhəri ünvan 4 ünvanda yerləşən 0,2 ha torpaq sahəsi almışlar və cavabdehin adına mülkiyyətə dair çıxarış almışlar. Bundan əlavə Şirvan şəhərində fərdi yaşayış evi tikmişlər, sahibliklərində və istifadələrindədir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2025-ci il tarixdə nikahlarına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmənin elektron kabinetinə ünvanlanmış olduğu ərizəsinə əsasən izahatında bildirdi ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.5-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddia ərizəsini nəzərdən keçirtdikdə görünür ki, iddiaçı iddia tələbi birgə nikah dövründə əldə edilmiş əmlak üzrə payların müəyyən edilməsi tələbi üzrə məhkəməyə verdiyi iddia ərizəsinə mediasiya sessiyasında iştirak etməsi barədə arayış iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə Dövlət rüsumu haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat rüsum ödənilməli olduğu halda iddiaçı 99.60 manat rüsum ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmalı olduğu halda, icraata qəbul etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq İddiaçı iddia ərizəsi və əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəyə münasibət olaraq bildirmişdir ki, tərəflər arasında nikah xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikah münasibətlərinə xitam verilmiş, bu səbəbdən də əmlak bölgüsünün mediasiya sessiyasında keçirilməsinə zərurət yoxdur. Qeyd edilənlərə əsasən cavabdehin ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə verilmiş ərizə ilə bağlı tərəflərin fikirlərini dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu hallarda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” İstinad olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməsinə dair sübutunu məhkəməyə təqdim etmədiyindən, bu hall iddia ərizəsinin baxılmamış saxlanması üçün prosessual əsas olduğundan iddia ərizəsi baxılmamış saxlanmalıdır. Eyni zamanda iddiaçıya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etdikdən sonra hazırkı tələblə yenidən ümumi qaydada məhkəməyə müratiət etmək hüququnun olması izah olunur. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı tərəfindən 99.60 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 99.60 manat (Asanpay ödəniş qəbzi ********** nömrəsi, xx.xx.2025-ci il tarixli) İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(5-160)-6/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(5-160)-6/2026
03.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver