Məhkəmə qərarları › İş №e-2(5-85)-60/2026

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-85)-60/2026

06.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(5-85)-60/2026 06.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Aynur Əvəz qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 410 (dörd yüz on) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun iddiaçı"xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Qaz 330218” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və “Toyota Prius” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 410 (dörd yüz on) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu Rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarda müəyyən edilmişdir ki, “Qaz 330218” markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə yerindən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən baş vermiş sığorta hadisəsində dəymiş zərər zərərçəkən “Toyota Prius” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmiş, daha sonra həmin məbləğ qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün nəzərdə tutulmuş “loto” sistemi vasitəsi ilə "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısına ödənilərək nəticədə 410 (dörd yüz on) manatlıq sığorta ödənişinin "xxxx" ASC tərəfindən həyata keçirilməsi prosesi yekunlaşmışdır. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, G- D-4688-2025 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin bu günədək tələb olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “QAZ” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “QAZ” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, “Toyota Prius” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 410 manat təşkil etmişdir; xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 410 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçı təşkilatda icbari qaydada sığortalanmış “QAZ” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını (sağdan-sola manevretmə) pozaraq “Toyota Prius” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı maşını vurmuş, nəticədə həmin maşına zərər yetirərək, hadisə yerindən yayınmışdır. Vurulmuş zərərin məbləği ümumilikdə 410 manat müəyyən edilmişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmişdir. Hazırda isə sığortaçı sığorta aktına əsasən ödədiyi 410 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, Cavabdeh hadisə yerindən yayınması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Hazırki iş üzrə cavabdehin hadisə yerindən yayınması inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur. Beləliklə, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi, "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanan “QAZ” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə idarəetmə qaydalarını pozaraq “Toyota Prius” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı maşına zərər yetirdiyindən və hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) hadisə nəticəsində zərərçəkənə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış avtomobilin sahibinin bank hesabına "xxxx" ASC tərəfindən 410 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə sasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş sığorta ödənişinə görə 410 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 410 (dörd yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinə görə 410 (dörd yüz on) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar