Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(5-92)-67/2026 27.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X3 İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququ üzrə əmlak tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: İddiaçının nümayəndəsi – Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 N-li qərarına əlavə edilmiş siyahıdan X1, X4 və X2 adlarının çıxarılması və Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 N-li qərarı əsasında X1, X4 və X2 adlarına verilmiş sənədlərin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə, məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan inzibati xarakterli mübahisə olduğundan, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X7 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan, məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi inzibati tələb xarakteri daşıdığından, onun mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilməsi mümkün deyildir və iddiaçının müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə X6 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da, ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina edilməsi haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada təqdim edilməlidir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə, yaradılmış elektron kabinetdən istifadə etməklə müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər faktiki olaraq onun öz elektron kabinetində saxlanılmışdır. Bu səbəbdən, iddia ərizəsinə əlavə olunmuş sənədlərin ayrıca qaydada iddiaçının nümayəndəsinə geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququ üzrə əmlak tələbinə dair” ərizəsi yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilsin. İddiaçı inzibati orqanların qərarları (inzibati aktları) ilə bağlı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmə hüququ izah olunsun. İddiaçı tərəfindən xx.xx.2026-cı il tarixdə X6 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(5-92)-67/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(5-92)-67/2026
27.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver